Polşalı xizəkçi sınıq ayaqla qalib gəldi

Polşalı xizəkçi sınıq ayaqla qalib gəldi
  14 Fevral 2014    Oxunub:1449
Polşadan olan xizəkçi ayağı sınıq vəziyyətdə 10 kilometr məsafədə olimpiya yarışında qalib gəlib.
Polşalı Yustina Kovalçik Soçidə klassik üslubla 10 kilometrədək xizəksürmə yarışında 2014-cü il Olimpiadasının qızıl medalına layiq görülərək ikiqat Olimpiya çempionu olub.

AzVision.az xəbər verir ki, bazar günü Yustina pəncə sümüklərinin sındığına baxmayaraq, Soçidə çıxışlarını davam etdirəcəyini bildirməklə öz pərəstişkarlarını heyrətləndirib.

Olimpiadanın qalibi saniyəölçənini 28 dəqiqə 17,8 saniyə üzərində dayandırmışdır. İsveçli Şarlotta Kalla (+18,4) gümüş medal, norveçli Tereza Yoxauq isə (+28,3) bürünc medal qazanıb.

Y.Kovalçik “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi rentgen şəklinin altında belə bir yazı vermişdir: “Bu mənim pəncəmin rentgen şəklidir. Çoxsəviyyəli sınıq. Bütün “ekspertləri” salamlayıram. Narahat olmayın. Yürüşü davam etdirəcəyəm”.

Y.Kovalçik hələ İtaliyanın Santa-Katerina şəhərində keçirilmiş məşqlərdə ayağını zədələmişdi. Bu zədə onun Olimpiya skiatlonunda altıncı yeri tutmasına mane olmadı.

Bu qızın bir dəfə öz məşqçisi Aleksandr Veretelnıya dediyi bu sözlər onun necə möhkəm xarakterli və məqsədyönlü olduğunu təsdiq edir: “Dünya kubokunda otuzuncu yerləri tutmaq üçün çox ağır məşq etmək lazımdır. Mən otuzuncu yerləri tutmaq istəmirəm, buna görə də bir az da ağır məşq edib ön yerləri tutacağam”.

Qeyd edək ki, Y.Kovalçik Soçi olimpiadasında ətraf sınığı ilə olimpiadanı davam etdirən ilk iştirakçı deyil. Ondan əvvəl snoubord-kross üzrə Olimpiya çempionu kanadalı Melli Riker oyunlardan əvvəl biləyini sındırsa da, yarışlardan imtina etməyib.

AzərTAc


Teqlər:  





Xəbər lenti