“Revanşizm ideyalarının ətrafında təkcə siyasi məkr dayanmır” - Politoloq
Ölkə başçısı çıxışı zamanı bildirdi ki, müharibə bizim gücümüzü, əyilməz iradəmizi, birliyimizi göstərdi. Müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü nümayiş etdirdi.
Politoloq Tofiq Abbasov Azvision.az-a bildirib ki, ölkə başçısının siyasi mesajının arxasında ciddi məqamlar dayanır. Onun sözlərinə görə, hazırda sözün həqiqi mənasında diz çökərək ayağa qalxa bilməyən Ermənistanda revanş ab-havası bu ölkəyə daha böyük itkilər hesabına başa gələ bilər:
“Həqiqətən də bu gün Ermənistanda revanş ab-havası mövcuddur. Bu isə həm İrəvandan, həm də Dağlıq Qarabağda hələ öz dərsini tam almamış, növbəsini gözləyən mənfur ünsürlər tərəfindən qaynaqlanır. Cəmiyyətdə qıcıq effekti verəcək gedişlərin şahidi oluruq. Kimlərsə prosesləri qaynar qazana çevirməyə çalışır. Xaricdən də bəzi qüvvələr bu saxtakar meyllərə dəstəklər verirlər. O qüvvələr həm diaspor strukturları, həm də müəyyən dairələrdən qaynaqlanırlar. Ona görə də, Prezident İlham Əliyev əgər belə bir ciddi xəbərdarlıq edirsə, bu cür çıxışlarda qeyd olunan mühüm siyasi mesajı verirsə, demək ki, onun əlində kifayət qədər əsaslar var”.
Politoloq vurğulayıb ki, Azərbaycan xalqı son vaxtlar müəyyən hərbi təxribatlara şahidlik edib. Siçovullar kimi dağda-dərədə gizlənən məhdud saylı silahlı qruplar vaxtaşırı olaraq özlərini mənfur formada ifadə etməyə çalışırlar:
“Onlar çalışırlar ki, bizim hərbçilərə, azad etdiyimiz torpaqlarda surətli bərpa, yenidənqurma işləri aparan mülki şəxslərə problemlər yaratsınlar. Bütün dünyanın heyrətlə izlədiyi, yeni hərbi taktiki gedişlərlə tarix yazan, 44 günlük müharibədə canını qoyan hərbçilərimizi hansısa kiçik terrorçu dəstələrin ölümlə təhdid etməsi əslində gülünc doğurur. Onlar ikiqat dərslərini alırlar, güc strukturlarımız zaman-zaman bu siçovul dəstələrini izləyib məhv edir. Təbii ki, bu prosesin əsas məsuliyyəti Rusiyadan gəlmiş sülhmərmalıların üzərinə düşür. Çünki gərək onlar öz funksiyalarını qeyd-şərtsiz yerinə yetirsinlər. Digər tərəfdən elə bir imkan, şərait yaradılmalı idi ki, müharibədən sonra belə kiçik toqquşmalar baş verməsin. Bu cür imkanlar olsa belə, onun qarşısını sülhməramlılar almalı idi. Ancaq təəssüf ki, artıq iki-üç dəfə belə insident baş verib. Bunun fonunda görürük ki, qondarma, natamam rejimin zibil yeşiklik olan personaları, özlərini “komandir”, “rəhbər” kimi ifadə edənlər çalışırlar ki, Qarabağda hələ də separatçı ruhda olanları fəallaşdırsınlar. Hətta həmin tör-töküntülərə aşkar ruh yüksəkliyi də verirlər ki, guya onlar yenidən torpaqları geri qaytara biləcəklər və s. Təsəvvür edirsiniz, qondarma salxaq rejimin nümayəndələri Azərbaycanın torpaqlarını guya bizdən “azad edəcəklər”... Artıq öz dərsini almış sistemin yarımçıq, axsaq daşıyıcıları da bu siyasi mesajdan öz paylarını götürməlidirlər. Yəni bu cür revanş hissləri reallıqda mövcuddur, bunu heç də virtual mübarizə saymaq olmaz”.
T.Abbasov müharibədən sonrakı təxribat cəhdlərinin işğaldan azad edilən torpaqlarımızda xidmət aparan əsgər və zabitlərimiz üçün müəyyən təhlükələr vəd etdiyini vurğulayıb:
“Onlar hərbi kontingentimizə təhdidləri artırırlarsa, yeni risklər yaradırlarsa, bu məsələ ilk növbədə təbii olaraq Prezidenti ciddi narahat edir. Çünki o, həm bütün vətəndaşlarımızın, həm də ümumilikdə konstitusiyamızın qarantıdır. Bu cür revanş hisləri ilə bağlı Ali Baş Komandan öz sözünü qəti şəkildə çatdırdı. Bundan sonra vətəndaşlarımız, silahlı qüvvələrimiz üçün hər hansı bir qüvvə təhdid yaradacaqsa, bu, Prezidentin diqqətində bir nömrəli məsələ kimi olacaq. Digər tərəfdən də, bu xəbərdarlıq çox aktual səslənir. Nə qədər təəccüb olsa da, ordusunun az qala 80 faizini itirən erməni cəmiyyəti hələ də məğlubiyyətlə barışmaq istəmir. Amma bütün dünya deyir və bilir ki, artıq münaqişə geridə qaldı, kapitulyasiya ilə çoxdan barışmaq lazımdır. Revanşizm ideyalarının ətrafında təkcə siyasi məkr dayanmır. Bu məsələlərdə maddi maraqlar da var. Əgər ölü layihəni kimlərsə diriltmək istəyəcəksə, deməli, onlar siyasi alverlər və maliyyə spekulyasiyaları üçün şərait yaratmalı olacaqlar. Həm özləri qazansınlar, həm də kimlərisə dolandırsınlar, müəyyən qüvvələri isə təhlükə altında qoysunlar. Bu gün hətta ermənilər arasında da xeyli sayda aldanmış insanlar var. Onlar sadəlövhlükdən bu cür siqnallara uyaraq ortaya düşürlər. Odur ki, Prezidentin məlum xəbərdarlığı çox aktualdır və hesab edirəm ki, Azərbaycan bu zəmində heç kimlə nə zarafat edəcək, nə də eksperiment aparacaq. Lazım gəlsə, kim olur olsun, Azərbaycan Ordusu həmin qüvvənin başından vurub əzəcək. Prezident də bildirib ki, onun qətiyyəti bu məsələdə bizim üçün əsas göstərici, əsas meyardır”.
Tural Tağıyev
Azvision.az
Teqlər: Separatçı Politoloq Prezident Xəbərdarlıq Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


