Təyyarə qəzaları azalıb, ölənlərin sayı isə artıb
Hesabatda bildirilir ki, ötən il iri kommersiya təyyarələri 40 dəfə qəzaya uğrayıb və bu insidentlər zamanı 299 sərnişin həyatını itirib.
2019-cu ildə qəzaların sayı 86, həlak olanların isə 257 olub. Qəzaların sayının 50 faiz azalması COVID-19 pandemiyası ilə əlaqədar uçuşların minimuma endirilməsi ilə bağlıdır.
“Flightradar” beynəlxalq aviasiya qurumunun məlumatına görə, ötən il kommersiya uçuşlarının sayı 42 faiz azalıb və 24,4 milyon aviareys həyata keçirilib. Həmçinin vurğulanıb ki, qlobal təyyarə qəzalarında həlak olanların yarıdan çoxu İran səmasında raketlə vurulan Ukrayna laynerinin 176 sərnişinidir.
Aviasiya Təhlükəsizlik Şəbəkəsinin (ASN) məlumatında qeyd olunub ki, ümumilikdə, son iki il ərzində təyyarə qəzalarının və həlak olanların sayı xeyli azalıb. Məsələn, təkcə 2005-ci ildə qəzalarda 1015 sərnişin həyatını itirib. ABŞ-da isə 2009-cu ildən bəri iri kommersiya uçuşlarında cəmi bir qəza baş verib.
Azvision.az