Azərbaycanın Gürcüstanla bağlı strateji planı – TƏHLİL

Azərbaycanın Gürcüstanla bağlı strateji planı – TƏHLİL
  14 Fevral 2014    Oxunub:1558
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi dövlət səfəri edib. Səfər çərçivəsində Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb, görüşdən sonra hər iki prezident birgə bəyanatla çıxış ediblər. Eyni zamanda, Marqvelaşvili Azərbaycan Parlamentində və Nazirlər Kabinetində görüşlər keçirib.

Azərbaycanla Gürcüstan bir-biri üçün strateji əhəmiyyətə malik olan dövlətlərdir. Hər iki ölkənin qarşılıqlı uğurlu strateji əməkdaşlığı onların Rusiyadan asılılığını ortadan qaldıran faktordur. Azərbaycan Gürcüstan vasitəsilə enerji resurslarını Avropaya ixrac edir, Gürcüstan isə özünün enerji daşıyıcılarına olan ehtiyaclarını Azərbaycandan təmin etməklə, hər iki dövlət Kremlin təsirindən çıxa biliblər.

Gürcüstan Azərbaycanla Türkiyə arasında strateji körpü rolunu oynayır. Məhz bu səbəbdən, həm Bakı, həm də Ankara Gürcüstanı iqtisadi və siyasi cəhətdən dəstəkləməklə bu ölkənin Rusiyanın təsir altına düşməsindən özlərini sığortalamağa çalışırlar. Rusiya üçün Gürcüstanı geri qaytarmaq, Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqaza sahiblənməsi anlamına gəlir. Təbii ki, Moskva bunu anlayır, sadəcə Rusiyanın Gürcüstanı geri qaytarmaq üçün seçdiyi hərbi-təzyiq metodu öz bəhrəsini vermədi. Moskva Gürcüstana daha münasib şərtlərlə qazın verilməsini təmin etsəydi, Abxaziya və Cənubi Osetiya məsələsində az da olsa Tbilisinin xeyrinə güzəştə getsəydi bu ölkəni öz təsirinə sala bilərdi. İrandan keçən Şimal-Cənub nəqliyyat xəttini Ermənistan və Gürcüstan ərazilərdən keçirməklə özündən asılı salmaq olardı. Azərbaycan isə belə olan halda özünün neft və qazını ixrac etmək üçün məcbur olub Rusiya ərazisindən faydalanmalı olacaqdı.

Rusiya gecikdi və bu gecikmədən Azərbaycan yetərincə faydalana bildi. Gürcüstan ərazisi Azərbaycanla Türkiyə arasında əsas tranzit məkanına çevrildi. Gürcüstanın təsir dairəsində saxlanılması Ermənistanı blokadada saxlamaq cəhətdən də önəmlidir. Məhz bu səbəbdən Azərbaycan və Türkiyə Gürcüstana investisiya qoyuluşu, ticarət dövriyyəsinin artımı məsələsində simiclik etmirlər.

Gürcüstanın statistika xidmətinin hesablamalarına görə 2013-cü il ərzində Gürcüstanla Azərbaycan arasında ticari dövriyyənin həcmi 2012-ci ilə nisbətən 7,14 faiz artaraq 1,26 milyard dollar təşkil edib. Türkiyə ilə bu rəqəm 1,53 milyard dollar olub. Gürcüstanla ticari dövriyyəsi ən yüksək olan dövlətlər də Türkiyə və Azərbaycandır. Azərbaycan Gürcüstanın 82 faiz qaz ehtiyaclarını ödəyir və keçən il bu ölkəyə 652.5 milyon kub metr qaz ixrac olunub.

Türkiyə və Azərbaycanın hazırda əsas məqsədi Gürcüstanla əməkdaşlığı iqtisadi kontekstdən hərbi-siyasi kontekstə çıxarmaqdır. Hər üç ölkə öz ərazilərindən keçən və gələcəkdə çəkiləcək neft-qaz xətlərinin mühafizəsi adı altında birgə hərbi qüvvələr yaratmaq fikrindədirlər. Bu istiqamətdə ilk addım kimi bu ölkələrin vahid Havadan Müdafiə Sistemini yaratmalarıdır. Beynəlxalq statuslu hərbi qüvvələrin təsis edilməsi Rusiyanın Gürcüstana gələcəkdə hərbi müdaxiləsinin qarşısını alacaq. Bu, həm Gürcüstanın təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır, həm də Azərbaycanın öz ərazilərini azad etmək üçün hərbi yola əl atacağı təqdirdə Rusiyanın havadan və qurudan regiona hərbi müdaxiləsini önləyir.

Məlumdur ki, Ermənistan bu ilin sentyabr ayında Rusiyanın yaratdığı Gömrük İttifaqına, ardınca isə Avrasiya İttifaqına tam hüquqlu üzv olacaq. Güman ki, Ermənistan Gürcüstanın keçmiş baş naziri İvanişvillinin Abxaziya ərazisindən keçən və Rusiya ilə Ermənistanı birləşdirən dəmir yolu xəttinin açılacağı barədə vədlərə inanıb. Azərbaycan üçün hazırkı mərhələdə Gürcüstan vasitəsilə Ermənistanın blokadasını davam etdirmək xüsusi əhəmiyyət daşıyır və Bakının Tbilisi ilə bu məsələləri razılaşdırmasının əsl məqamıdır. Belə olacağı təqdirdə, Ermənistan daha ağır iqtisadi vəziyyətlə üzləşəcək.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti