“2021-ci ilin Nizami Gəncəviyə həsr edilməsinin çox dərin mənası var”

 “2021-ci ilin Nizami Gəncəviyə həsr edilməsinin çox dərin mənası var”
  05 Yanvar 2021    Oxunub:2307
“Nəsimi İli”, eyni zamanda bu ilin “Nizami Gəncəvi İli” elan olunması təkcə ədəbiyyat və şair-yazıçılara verilən önəm deyil, həm də bunun dərin siyasi mənaları mövcuddur”.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid deyib. O bildirib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi bir qədər gözlənilməz olub:

“Quruculuq ilinin olacağı ilə bağlı çoxsaylı fikirlər səslənirdi və fikirləşirdik ki, 2021-ci il Qarabağda quruculuq və qayıdış məsələlərinə həsr olunan hansısa bir adla bağlı olacaq. Amma iki il əvvəl də oxşar addım atılmışdı, Prezident Nəsiminin 650 illiyi ilə bağlı sərəncam imzalamışdı. “Nəsimi İli”, eyni zamanda bu ilin “Nizami Gəncəvi İli” olması təkcə ədəbiyyat və şair-yazıçılara verilən önəm deyil, həm də bunun dərin siyasi mənaları mövcuddur. “Nəsimi İli” ilə bağlı fikirlərimi vaxtında demişdim. 650 il əvvəl bizim Azərbaycan dilində belə bir yazarımızın olması və bütün dünyanın bunu tanıması çox vacib idi. Bunun siyasi anlamı da böyük idi. 2021-ci ilin Nizami Gəncəviyə həsr edilməsinin çox dərin mənası var.

Bu il həm də Nizami Gəncəvinin yubileyidir. Bu, eyni zamanda ətrafımız, qonşular, ümumilikdə bütün dünya üçün bir mesajdır ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir, Gəncədə doğulub, yaşayıb və burada dəfn edilib. Bu il dünyanın diqqəti Azərbaycan mədəniyyəti və ədəbiyyatına yönələcək. Nizami irsinin təbliği və eyni zamanda bütün dünyada onun farsca yazmasına baxmayaraq, dahi Azərbaycan şairi olması təlqin olunacaq. Bu mənada hesab edirəm ki, çox dərin və müdrik bir addım atıldı. Nəsimi ilində olduğu kimi bu ildə də təkcə mədəniyyət müəssisələri, Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi, Ədəbiyyat İnstitutu deyil, bütün strukturlar məhz Nizami irsinin təbliği, dünyada yayılması ideyası ilə bağlı tədbirlər həyata keçirəcəklər”.

Rəşad Məcidin sözlərinə görə, vaxtilə Nizami sənətinin öyrənilməsi ilə bağlı ölkəmizdə çox işlər görülüb. Buna misal olaraq onun əsərlərinin tərcüməsi, çap olunması və digər məsələləri qeyd etmək olar:

“Nizami elə bir xəzinədir ki, hər zaman araşdırılmalı və bu işlər aktiv şəkildə davam etdirilməlidir. Bu mənada ola bilsin ki, yarımçıq qalan işlər, tədqiqatlar bu il davam edəcək və ya yekunlaşdırılacaq. Azərbaycan cəmiyyəti Nizami Gəncəvini yaxşı tanıyır, orta məktəbdən tutmuş, bütün səviyyələrdə tədris və təbliğ edilir. Amma dünyada ola bilsin ki, bu mövzuda müəyyən mübahisəli fikirlər mövcud olsun. Bəzən onu fars şairi kimi təqdim edirlər. Bu gün Çingiz Abdullayevlə söhbət əsnasında onu da təbrik edib, dedim ki, siz də elə Nizami Gəncəvinin varisisiniz. O zamanında fars dilində yazıb, siz isə rus dilində yazırsınız. Yəni yazıçının hansısa başqa dildə yazması onun millətinin və hansı xalqa mənsubluğunun əsas göstəricisi deyil. Nizami Gəncəvi türk düşüncəsi ilə yazıb, eyni zamanda onun bugünkü varisləri də bir çox əsərlərində məhz Azərbaycan həyatını canlandırır. Qurban Səid alman dilində yazmasına baxmayaraq, “Əli və Nino” kimi məhz Azərbaycan həyatını təsvir edən əsərlər yaratdı. Bu mənada dediyim kimi sərəncamın həm də çox böyük dərin siyasi mənası var”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Nizami-Gəncəvi   Rəşad-Məcid   Sərəncam   Ədəbiyyat  






Xəbər lenti