“Ən dəhşətlisi həkimlərin verdiyi işgəncələr idi” - Erməni əsirliyində olmuş hərbçilər

  “Ən dəhşətlisi həkimlərin verdiyi işgəncələr idi” -    Erməni əsirliyində olmuş hərbçilər
  05 Yanvar 2021    Oxunub:22554
"Hərbçilərə yemək aparıb qayıdanda yolu səhv getdik. Ermənilər bizi əsir götürdülər"
Azvision.az xəbər verir ki, bunu erməni əsirliyində olmuş hərbi qulluqçu Nahid Həmidov deyib.

O, əsirlikdə işgəncələrə məruz qaldığını bildirib: “Bizi su içməyə də qoymurdular. Ermənilər tarixən bizə qarşı düşmənçilik ediblər, saysız-hesabsız terror aktları törədiblər. Bu terror aktlarını bizə deyib, bununla fəxr etdiklərini bildirirdilər".

Əsirlikdən azad edilən hərbi qulluqçu Anar Əliyev könüllü olaraq döyüşlərdə iştirak etdiyini söyləyib.

“10 noyabrda ermənilər tərəfindən əsir götürüldüm. Bizə işgəncə verirdilər. Amma ən dəhşətlisi həkimlərin bizə verdiyi işgəncələr idi. Bizə mənəvi işgəncələr də verirdilər. Bu, bizi ruhdan salmırdı. 12 gün İrəvanda həbsxanada saxlanıldım. Yatanda da bizi vururdular. Gün ərzində cəmi 1 saat ayaqüstə yata bilirdik”.

Əsirlikdən qayıdan Bayram Kərimov: "Əsirlikdə olanda işgəncələrə məruz qaldım. Bədənimə elektrik cərəyanı verirdilər. Əsirlikdən azad olunanda ayaqlarım işləmirdi. Əgər ayaqlarım işləsəydi, uzanıb torpaqlarımızı öpəcəkdim.

Vətənə, yaxınlarımızın yanına qayıtdığım üçün Müzəffər Ali Baş Komandana minnətdaram. Məhz Prezidentimizin sayəsində doğma Vətənimdə, ailəmin yanındayam. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə doğma torpaqlarımızı işğaldan azad etdi”.

Əsirlikdə işgənclərə məruz qalan digər hərbi qulluqçu Nurlan Əlizadə isə qeyd edib: “Bizə elə işgəncələr verirdilər ki, onu danışmaq olmur. Bizə həm də psixoloji işgəncə verirdilər".

Hərbi qulluqçumuz Mobil Əhmədzadə də əsirlikdə olarkən dəhşətli işgəncələrə məruz qalıb: "Ağır işgəncələrə məruz qaldım. Düşmən beynəlxalq hüquqa riayət etməyərək əsirlərə dəhşətli işgəncələr verirdi.

Dekabrın 10-da gördüm ki, ermənilər televizorda Bakıdakı Zəfər paradına baxırlar. Onlar qəzəblə Paşinyan, Paşinyan deyə qışqırırdılar. O zaman anladım ki, Ordumuz qələbə qazanıb və ermənilər ona görə belə edirlər”.

Vətən müharibəsində Böyük Qələbəyə və əsirlikdən azad olunmasına görə Azərbaycan Prezidentinə minnətdarlıq edən hərbçi sözlərinə əlavə edib: “Əsirlikdən azad edilərək Vətənimizə qaytarıldığımıza görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə bir daha minnətdarlığımı bildirirəm. Biz onun sayəsində Vətənə qayıdaraq doğmalarımıza qovuşmuşuq”.

Azvision.az


Teqlər: Əsir   Hərbçi  






Xəbər lenti