“Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir” - Prezident
Dövlətimizin başçısı qeyd edib ki, əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. “Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Mən ana dilinin qorunması ilə bağlı müxtəlif vaxtlarda öz sözlərimi demişəm. Azərbaycan Milli Elmlər Akademiyasının kürsüsündən və digər tədbirlərdə demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır”.
Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələrin dilimizin saflığını pozduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


