“Ermənilər bizi günlərlə ac saxlayırdılar” - Əsirlikdən xilas edilən hərbçi

  “Ermənilər bizi günlərlə ac saxlayırdılar” -   Əsirlikdən xilas edilən hərbçi
  05 Yanvar 2021    Oxunub:2455
Ermənilər xəstəxanada bizə ancaq su verirdilər, yemək vermirdilər. Elə olurdu ki, bizi üç gün ac saxlayırdılar. Mənə həbsxanada da işgəncə verdilər. Onlara heç nə edə bilmir, ancaq sözlə təsir etməyə çalışırdım. Ermənilərə dedim ki, əsirin yeməyini oğurlayıb evinizə aparırsınız. Ancaq Azərbaycan Ordusunda əsgərin payına toxunmaq olmaz.
Azvision.az xəbər verir ki, bunu erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ömər Ələkbərov deyib.

Hərbçimiz bildirib: “Yarama barmaqlarını soxub dediklərini təkrarlamağa məcbur etməyə çalışırdılar. Onların sözlərini təkrarlamadıqca daha ağır işgəncə verir, yaramıza vururdular. Ağrıdan huşumuzu itirirdik. Çalışırdılar ki, daxili orqanlarımıza zərər yetirsinlər. Bir gözüm görmürdü. Məni təhdid edərək bildirirdilər ki, dediyimizi təkrarlamasan o biri gözünü də çıxaracağıq. Mən isə ermənilərin dediyini təkrarlamayıb, onlara qarşı ifadələr səsləndirirdim. Bu isə onları daha çox hiddətləndirirdi və nəticədə mənə daha ağır işgəncələr verirdilər.

Tibb bacıları da iynəni damarımıza bilərəkdən 15-20 dəfə salıb-çıxarırdı ki, bizə əziyyət versin. İynələri dərimizin altına vurmaqdan qolumuz qaralmışdı. Bizə işgəncələr verir, qeyri-insani münasibət göstərirdilər”.

Əsirlikdə olarkən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onlarla maraqlandığını vurğulayan Ömər Ələkbərov bildirib: “Şikayətlərimizi beynəlxalq təşkilatların təmsilçilərinə demirdik ki, ermənilər acığa düşüb bizə daha ağır işgəncə verərlər. Onlar gəlib bizə psixoloji təsirlər edir, əsəbimizə toxunurdular. Əlimiz-qolumuz bağlı olduğu üçün heç nə edə bilmirdik”.

Azvision.az


Teqlər: Əsirlik   Hərbçi  






Xəbər lenti