Prezident pravoslav xristian icmasını təbrik etdi
Təbrikdə bildirilir ki, 2020-ci il uzun müddət davam edən Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün təmin edilməsi və tarixi ədalətin zəfər çalması ilə əlamətdar olub. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı, o cümlədən etno-mədəni zənginliyi ilə seçilən cəmiyyətimizdə özünəməxsus yeri olan xristian inanclı həmvətənlərimiz torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq nümunələri göstərib, eyni zamanda, erməni faşizmi ilə informasiya cəbhəsində və xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işində yüksək fəallıqla mübarizə aparıblar. Dövlətimizin başçısı ölkəmizdə yaşayan bütün xalqların müqəddəs Vətən müharibəsində nümayiş etdirdiyi birlik və bərabərliyi, sarsılmaz milli-mənəvi həmrəyliyi tarixi qələbəmizi şərtləndirən başlıca amil kimi qiymətləndirdiyini vurğulayır.
Prezident əmin olduğunu bildirir ki, pravoslav xristian icması ümumi evimiz olan Azərbaycanın tərəqqisi və daha da güclənməsi naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcək.
“Əziz həmvətənlər!
Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!”, - deyə təbrikdə qeyd edilir.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident







Vaxtında, Aydın, Lazımlı!


