“Şuşa ilə bağlı qərarların xüsusi siyasi çəkisi var”- Deputat

 “Şuşa ilə bağlı qərarların xüsusi siyasi çəkisi var”-   Deputat
  06 Yanvar 2021    Oxunub:3354
“Cənab Prezident Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməklə xarici auditoriyaya da mesaj vermiş oldu”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, Şuşanın Azərbaycan tarixində hər zaman özünəməxsus yeri olub. Bu şəhər Azərbaycan xalqına bir çox tarixi şəxsiyyətlər, məşhur şairlər, yazıçı və musiqiçilər bəxş edib:

“Şuşada bir çox mədəniyyət ocaqları var ki, buna nümunə olaraq Vaqifin məqbərəsi, Bülbülün evi və s. bu kimi onlarla dəyərli yerləri saymaq olar. Bütün bunlar Azərbaycan tarixinin, mədəniyyətinin inciləri sayılır. Hələ ulu öndər hakimiyyətdə olarkən Şuşaya xüsusi önəm verirdi. Şuşanın hər zaman xalqımızın yaddaşında, tariximizdə, mədəniyyətimizdə özünəməxsus yeri olub. Bir zamanlar Qarabağ Xanlığının mərkəzi bu ərazidə yerləşdiyi üçün Şuşa nəinki tarixi, həm də siyasi baxımdan da xüsusi əhəmiyyət daşıyır”.



Deputatın sözlərinə görə, Şuşanın mədəniyyət paytaxtı elan edilməsində digər vacib məqam ermənilərə verilən cavabdır:

“Bildiyiniz kimi, onlar Şuşanı “Şuşi” kimi təqdim edərək şəhərin erməni mədəniyyətinin tərkib hissəsi olduğunu iddia edirdilər. Bu istiqamətdə xaricdə davamlı təbliğatlar aparırdılar, az da olsa müəyyən şəxsləri inandırmağa nail olmuşdular. Guya bu tarixi şəhərimiz erməni ərazisi sayılır. Cənab Prezident məlum qərarı qəbul etməklə xüsusən də xarici auditoriyaya bu istiqamətdə mesaj vermiş oldu. Yəni o mənada ki, Şuşa Azərbaycanın tarixi ərazisi olub və bundan sonra da belə olacaq. Qarabağın gözü sayılan Şuşa ölkəmizin ayrılmaz hissəsidir və Vətənimizin mədəniyyət beşiyi olaraq qalacaq. Cənab Prezident bu fikri əvvəlki çıxışlarında da demişdi ki, Şuşa nəinki Azərbaycanın, Qafqazın mədəniyyət beşiyi sayılır. Bu şəhər hətta mən deyərdim ki, dünyanın nadir incilərindəndir. Şəhərin həm tarixi abidələri, məşhur məscidi və qalası, həm əsrarəngiz təbiəti, iqlimi, qeyri-adi relyefi həqiqətən də göz oxşayır.

Cənab Prezident dünənki qərarı ilə həm də açıq mesaj vermiş oldu ki, bu möhtəşəm şəhər bundan sonra da Azərbaycanın ayrılmaz hissəsi olacaq, mədəniyyətimizin paytaxtı qalacaq. Bütün dünya ölkələri də bilməlidirlər ki, Şuşanın Azərbaycan tarixində, mədəniyyətində xüsusi yeri və önəmi var, bu ərazilərin Ermənistanla heç bir əlaqəsi yoxdur”.

Artıq Şuşanın müharibədən sonra bərpası prosesinə başlanıldığını deyən Ceyhun Məmmədov xüsusi komissiyanın orada müəyyən işlər apardığını və bir neçə istiqamətdə araşdırmalar getdiyini söyləyib.

“Heydər Əliyev Fondu vasitəsilə şəhərdə xarici ekspertlərin də cəlb olunması ilə tarixi abidələrin bərpası işlərinə başlanılıb. Bu tədbirlər xüsusi əhəmiyyət daşıyır. Yəni millət öz mədəniyyəti, tarixi, dilə münasibəti, mənəviyyatı ilə tanınır. Bir millətin formalaşmasında onun dəyərləri, mədəniyyəti xüsusi rol oynayır. Bu baxımdan biz Qarabağı, Şuşa kimi mühüm əhəmiyyətə malik tarixi şəhərimizi azad etməklə özümüzün bütövlüyümüzü təmin etdik. Şuşanın bizim üçün çox dəyərli və önəmli olduğunu nümayiş etdiririk.

Cənab Prezident Şuşa şəhərinə xüsusi diqqət göstərdiyini bir daha ortaya qoydu. Dövlət başçısı mədəniyyət nazirinə xüsusi tapşırıqlar verdi ki, Xarı bülbül festivalının, şer müsabiqələrinin keçirilməsi ilə bağlı müəyyən işlər görülsün. Ümumiyyətlə, yaxın zamanda bu şəhərdə bir sıra silsilə tədbirlərin keçirilməsini görəcəyik. Biz həqiqətləri, tariximizi, mədəniyyətimizi bundan sonra da belə geniş şəkildə dünyada təbliğ etməliyik. Dünya birliyi azad edilən tarixi torpaqları Azərbaycan ərazisi kimi qəbul edib, hüquqi baxımdan buna şübhələr qalmayıb. Amma biz dayanmamalıyıq, Şuşanın Azərbaycanın mədəniyyət beşiyi, mərkəzi, paytaxtı olması istiqamətində təbliğat işlərini davam etdirməliyik. Düşünürəm ki, bu baxımdan Şuşa ilə bağlı qərarların xüsusi bir siyasi çəkisi var”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib.

"Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər", - deyə dövlət başçısı bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Mədəniyyət-paytaxtı   Deputat   Prezident   Qarabağ  






Xəbər lenti