Deputatın sözlərinə görə, Prezident dünən Şuşanın tarixi sahibinə qaytarılmasından sonra da bu şəhərə xüsusi önəm verdiyini bir daha nümayiş etdirdi:
“Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə səbir arzu edirəm. 44 günlük Vətən müharibəsi nəticəsində onların qanı yerdə qalmadı, rəşadətli ordumuz düşməni məhv edərək hər bir igid şəhidimizin qisasını ikiqat aldı. Artıq müharibə bitib, Azərbaycanın bərpa olunan ərazi bütövlüyü tarixi nailiyyətimiz kimi illərlə, hətta əbədi şəkildə başımızı uca saxlayacaq. Məhz şəhidlərimizin, qazilərin şücaəti, mərdliyi və dəmir yumruğumuz sayəsində 30 ildir işğal altında olan qədim torpaqlarımız cəmi 44 gün ərzində düşməndən azad edildi.
Həmin tarixi və qədim ərazilərimizdən olan Şuşa bizim üçün xüsusi əhəmiyyətə malikdir. Artıq bu torpaqlarda yenidənqurma və bərpa işlərinə başlanılıb, Cəbrayıl, Qubadlı, Füzulidən tutmuş, Qarabağın gözü sayılan Şuşaya qədər hər bir kənd və şəhər əvvəlkindən də gözəl bir şəkildə bərpa olunacaq. Prezident İlham Əliyevin dünən Şuşa ilə bağlı məlum tapşırıq və qərarları isə, düşünürəm ki, hər bir azərbaycanlının ürəyincə oldu”.

Deputat qeyd edib ki, xalqımız hər zaman Şuşanı Azərbaycanın mədəniyyət beşiyi sayıb:
“Şuşa dünəni və bu günü ilə öz əsl sahibinə - Azərbaycana, xalqımıza bağlı olub, bundan sonra da belə olacaq. İşğalçı qonşumuz olan Ermənistan hər nə qədər cəhdlər etsə də, nə Şuşanın adını dünyaya özləri istədiyi şəkildə təqdim edə bildi, nə də mədəniyyət və tarixi abidələrimizi, ümumilikdə şəhərin Azərbaycana məxsus olmasını sübut edən faktları məhv edə bildi. Düşünürəm ki, 2021-ci ildə bu şəhərdə çox böyük işlər həyata keçiriləcək. Xeyli sayda toplantı və yarışların, hətta beynəlxalq tədbirlərin belə keçiriləcəyini düşünürəm. Şuşa tək Qarabağın deyil, Azərbaycanın, ümumilikdə cənab Prezidentin də qeyd etdiyi kimi regionun mədəniyyət paytaxtı, mərkəzidir. Prezidentin dünənki qərarını alqışlayır və bunun həm də dünyaya bir mesaj olduğunu düşünürəm. Qoy dünya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişib seviləcəyini görsün. Şuşa və digər dağıdılan şəhər, rayonlarımız işğal altında olarkən məhvə məhkum edilirdisə, Azərbaycan bu torpaqlara yenidən həyat qaytaracaq, bölgənin əsl sahibi yenidən dağıdılmış şəhərlərə ruh və can verəcək!”
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


