“Anti-milli qüvvələr qələbəmizi həzm edə bilmirlər” - Partiya sədri

“Anti-milli qüvvələr qələbəmizi həzm edə bilmirlər” -  Partiya sədri
  08 Yanvar 2021    Oxunub:2966
“Milli Şura” və onun arxasında duranlar nəinki bu gün, uzun illərdir ki, anti-milli mövqelərini nümayiş etdirirlər".

Bunu Azvision.az -a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O bildirib ki, bu dırnaqarası qurum yarandığı vaxtdan bəzi anti-Azərbaycan fəaliyyəti ilə seçilir:

"Onlar çoxdan özlərini tamamilə deşifrə ediblər. Adı üstündə olan “şura” rəhbərlərinin bütün fəaliyyətlərində xüsusi sifarişlərin olması açıq şəkildə görünür. “Milli Şura” və əslində qurumu əlində oyuncağa çevirən Əli Kərimli ilə onun ətrafında olan beş-on nəfərlik qrup Azərbaycan dövlətçiliyinə qarşı özlərinin düşmən mövqeyini nümayiş etdirməkdə davam edirlər. Bu qrupa bəzi “jurnalistlər” də daxildir. Onlar daim müxtəlif mövzular ətrafında böhtan və qərəz dolu fikirləri gündəmə daşımağa çalışırlar. Bu mövzuları sosial şəbəkələrdə müzakirəyə çıxararaq özlərinin idarə etdikləri çox məhdud sayda insanlar vasitəsilə tirajlayırlar. Mövzu ilə bağlı dəfələrlə söyləmişəm və indi də bu fikirdəyəm ki, “Milli Şura”, Əli Kərimli və onun ətrafında olan insanlar erməni diasporu, onlara bağlı ayrı-ayrı fondlar tərəfindən maliyyələşdirilirlər. Onlara dövlətçiliyimizə qarşı böhtan atmaq, qərəzli mövqe nümayiş etdirmək, Azərbaycan həqiqətlərinə kölgə salmaq, Ermənistanı daha üstün mövqedə nümayiş etdirmək kimi tapşırıqlar verilib. Hazırda məlum tapşırıqlara uyğun olaraq bu qüvvələr hərəkət edirlər. Bu artıq mübahisə doğurmur və bəlli məsələdir”.

Deputatın sözlərinə görə, şübhəsiz ki, anti-milli şuranın fəaliyyəti, anatomiyası Prezidentə bütün detalları ilə məlumdur. Ona görə də ölkə başçısı haqlı olaraq son çıxışında bu məsələ ilə bağlı çox qısa da olsa fikirlərini söylədi və həqiqəti bir daha dilə gətirməyi vacib saydı:

“Biz də illərdir bunu söyləyirik. Ölkə başçısı da əvvəllər dəfələrlə bu mövzunun üzərində dayanaraq xalqa radikalların əsl simasını açıb göstərib. İndi də görünür, adı milli olub əslində anti-milli olan şura haqqında fikirlər söyləmək hansısa zərurətdən doğub. Ağır döyüşlər zamanı susan, müharibədən sonra Azərbaycanın igid əsgər və zabitlərinin canı, şəhidliyi hesabına əldə edilən uğurları, qələbəni aşağılamağa çalışan bu anti-milli qüvvələr qarşı tərəfin məğlubiyyətini ermənilər qədər həzm edə bilmirlər. Çünki bu qələbəni reallaşdıran, həyata keçirən, onun memarı olan İlham Əliyev- Ali Baş Komandanımız oldu.

Onlar isə müxtəlif üsul və yollarla cənab Prezidentin üzərinə böhtan və qərəzlərini yağdırmağa çalışırlar. Radikallar hazırda Ali Baş Komandanın ictimai rəydə olduqca yüksək olan reytinqinə zərər vurmağa cəhdlər edirlər. Amma bütün bunlar mənasız cəhdlərdir. Çünki ölkə Prezidenti sözün həqiqi mənasında rəşadətli, Ordumuzun sözün həqiqi mənasında müzəffər Ali Baş Komandanı kimi tarix yazdı. O, 44 günə tarix yazmaqla möhtəşəm sərkərdə, güclü Ali Baş Komandan, xalqın lideri kimi Azərbaycanın tarixinə əbədi həkk olundu. Prezident İlham Əliyev xalqımızın yaddaşında həmişə müzəffər və xilaskar Prezident kimi qalacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Milli-şura   Əli-Kərimli   Erməni-diasporu   Deputat  






Xəbər lenti