Böyük qayıdış nə zaman başlayacaq? - Detallar açıqlandı

 Böyük qayıdış nə zaman başlayacaq? -  Detallar açıqlandı
  08 Yanvar 2021    Oxunub:3886
Böyük qayıdış, bərpa quruculuq işləri geniş prosesdir. Həm vaxt, həm vəsait baxımından mürəkkəb prosesdir. İlkin olaraq Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dövlətinə, mülki əhaliyə, mədəniyyətimizə, tariximizə, ekologiyamıza vurulan ziyan və zərərin həcmi müəyyənləşdirilməlidir. Bunun kompensasiyası ilə bağlı Ermənistan qarşısında beynəlxalq məhkəmələrdə iddialar qaldırılmalıdır.
Azvision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, ancaq Vətən müharibəsi dövründə deyil, 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəymiş ziyanın müəyyənləşdirilməsi labüddur.

“Bundan sonra təhlükəsizlik məsələsi gəlir. İşğal altında olan ərazilər tam olaraq dağıdılıb, bütün infrastruktur məntəqələri yerlə yeksan edilib, ərazilərin böyük hissəsi minalanıb. Növbəti addım həmin əraziləri həm minalardan, həm partlamış sursatalardan, radioktiv kimyəvi maddələrdən təmizlənməkdir. Bundan sonra bərpa qurucılıq işləri həyata keçirilir. Bununa bağlı ölkə başçısının qərarına əsasən, həm yollar çəkilir, həm də dəmir yolu və hava limanı tikintisi ilə bağlı göstərişlər verilir. Bundan sonra kommunal xətlərin çəkilməsi, şəhərlərin və rayonların salınması gəlir. Bu işlər bitdikdən sonra məcburi köçkün və qaçqınların qayıdışından danışa bilərik. Bu mərhələdə qayıdışla bağlı dəqiq vaxt demək mümkün deyil”.

F.Hüseynov bildirib ki, ilkin mərhələdə üstünlük Qarabağdan olan məcburi köçkün və qaçqın statusuna malik şəxslərin doğma torpaqlarına qayıtmasına veriləcək:

“Gələcəkdə daimi məskunlaşma yekunlaşandan sonra hər bir ölkə vətəndaşı Qarabağın şəhər və rayonlarda mülkiyyət əldə etmək hüququna əsasən yaşaya bilər.

Keçmişdə qalan münaqişə nəticəsində ümumilikdə 650 minə yaxın insan öz doğma torpaqlarından, həm Dağlıq Qarabağ, həm ətraf 7 rayondan məcburi köçkün vəziyyətinə düşüb. Böyük qayıdış konsepsiyasının da əsas məqsədi tədricən, mərhələli şəkildə doğma torpaqlarına daimi məskunlaşma yerlərinə qayıdışı təhlükəsiz və layiqli şəkildə yerinə yetirməkdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məcburi-küçkün   Qayıdış  






Xəbər lenti