“Təxribatlar artsa, separatçılara əlavə “dərslər” veriləcək”- Politoloq

   “Təxribatlar artsa, separatçılara əlavə “dərslər” veriləcək”-   Politoloq
  09 Yanvar 2021    Oxunub:3272
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi uğurların əsas səbəblərindən biri də humanizm siyasətinin öndə tutulması oldu. Ölkəmiz hətta ağır döyüşlərin getdiyi günlərdə belə ədalətli, məsuliyyətli, humanist siyasət sərgiləməyi unutmadı.
Bütün dünya gördü ki, Ordumuz Ermənistandan fərqli olaraq yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparırdı, dinc əhali hədəfə götürülmürdü. Müharibədən sonra da humanizm öz sözünü dedi, ərazilərin boşaldılması məsələsində düşmənə müəyyən əlavə vaxtın verilməsi buna misal ola bilər. Amma Ermənistan müharibədə olduğu kimi postmüharibə dövründə də öz ampluasında qaldı. İrəvan hələ də ölkəmizin humanizm siyasətindən öz məqsədləri üçün yararlanmağa çalışır.

Belə ki, Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşları, rəsmi şəxslər, o cümlədən Fransa parlamentariləri, Ermənistan XİN rəhbəri Dağlıq Qarabağa səfərlər etdilər. Ötən ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bu məsələyə toxunaraq qəti şəkildə bildirdi ki, belə səfərlər yolverilməzdir. Əgər bu cür təxribatçı addımlar davam edəcəksə, daha sərt cavab veriləcək.

Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılığını verir. Lakin bundan sui-istifadə yolverilməzdir. Təəssüf ki, nəinki siyasi, hərbi yöndə də təxribatlar görürük. Müharibədən sonra ermənilər Ermənistan ərazisindən Azərbaycan torpaqlarına keçərək diversiya, terror törətməyə cəhdlər göstərdilər. Təbii ki, müharibə bitdiyi üçün onlar terrorçu və diversant sayılırlar. Lakin Azərbaycan yenə humanizm göstərərək diversiya qruplarını məhv etmədi, əsir götürdü.

Qısası, bu gün Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalı və təxribatçı addımlar atmamalıdır. Əks təqdirdə bunun cavabı sərt olacaq və Ermənistan böyük problemlə üzləşəcək.



Son hadisələri Azvision.az -a şərh edən politoloq Tofiq Abbasov deyib ki, Ermənistan həm rəsmi, həm də qeyri-rəsmi şəxslər vasitəsilə qanunsuz hərəkətlərini davam etdirməklə daxili auditoriyaya hesablanmış təxribatçı addımlar atır. Onlar çalışırlar öz cəmiyyətlərinə bunu təlqin etsinlər ki, guya proseslər hələ bitməyib, vəziyyəti dəyişmək üçün hələ mövcud imkanlar var:

“Digər tərəfdən çalışırlar təlqin etsinlər ki, guya onların balansı dəyişməyə gücü qalıb. Təbii ki, İrəvanda oturanlar xaricdəki müəyyən dairələrə istinadlar edir, onlara güvənirlər. Bu yöndə diaspor təşkilatları da dinc dayanmır, müəyyən marafonlar, tədbirlər keçirərək maliyyə dəstəklərini gücləndirməyə çalışırlar. Bu qüvvələr hazırda sifarişçi kimi çıxış edirlər. Hətta belə bir fonda kilsə xadimlərinin də məlum proseslərdə aktiv görünməyə çalışdığını müşahidə edirik. İkinci Qaregin bir yana qalsın, artıq digər kilsə xadimləri də siyasi proseslərə qarışırlar. Əslində din xadimlərinin sözü erməni cəmiyyətində eşidilir. Bu baxımdan görürük ki, əsas məqsəd ondan ibarətdir ki, Ermənistanın məğlub olmasını təkzib etsinlər. Aləmə car çəksinlər ki, guya hələlik proseslərdə hərbi-siyasi kampaniyalara nöqtə qoyulmayıb, biz hələ öz müqavimət və gücümüzü göstərəcəyik”.

Politoloqun sözlərinə görə, təkcə Qarabağ yox, ümumilikdə “Miatsum” layihəsi də artıq çöküb. Bunu Azərbaycan iflasa uğratdı. Ermənilər isə çalışırlar ki, bu hərəkatı reanimasiya etsinlər, diriltsinlər. Tofiq Abbasovun fikrincə, layihənin arxasında böyük maliyyə fırıldaqçıları dayanır və burada müəyyən vəsaitlərin toplanıb sonradan “yuyulması” məsələləri də var:

“Digər tərəfdən ermənilər nüfuzlu ölkələrdə rəsmi dairələrin imkanlarından istifadə edirlər ki, özlərinin müxtəlif səviyyədə korporativ maraqlarını burada yerləşdirsinlər. Biz misal olaraq Fransanın timsalında gördük ki, Makron bu məsələlərə nə dərəcədə ciddi və anormal yanaşma sərgiləyirdi. Ancaq anlayanda ki, Azərbaycanın bu yolda olan mövqeyi dönməzdir və heç bir vasitə ilə burada bizim səddimizi qırmaq mümkün olmayacaq, artıq o sabitləşdi, sakitləşərək bir küncə çəkildi. Makron anladı ki, Fransanın dövlət maraqlarını və bu ölkənin şirkətlərini təmsil edən qrupların maraqlarını Azərbaycanda təhlükəyə atmaq olmaz.

İndi situasiya dəyişib və biz aşkar görürük ki, Paşinyan və onun komandası müəyyən mənada kompromislərə hazırdır. Yəni radikal qarşıdurmadan uzaqlaşaraq dialoqa gəlməyə meyllidirlər. Hətta açıqlamalar da gəlmişdi ki, nəinki Azərbaycan, Türkiyə ilə də münasibətlərin bərpa olunmasına təməl yarana bilər. Ancaq bunu istəməyənlər də var. Serj Sarkisyan, Robert Koçaryan və digər radikal müxaliflərin tərəfdarları millətçi qruplar kimi artıq küçələrdədirlər. Düzdür, meydanlara böyük bir qüvvə toplaya bilmirlər. Amma şüarçılıqla məşğul olaraq çalışırlar ki, siyasətdən uzaqlaşan orta səviyyəli insanlarda ümid yaratsınlar. Yəni beyinləri zəhərləyirlər ki, revanş götürülməli, Azərbaycana yenidən zərbə endirilməlidir. Guya azad etdiyimiz torpaqları da qaytara biləcəklər”.

Proseslərin belə bir fonunda Prezidentin sərt xəbərdarlığının təsadüfi olmadığını bildirən politoloq ölkə başçısının yeni geosiyasi reallıqda heç bir məsələnin Azərbaycanın razılığı olmadan həllini tapa bilməyəcəyini aşkar söylədiyini xatırladıb.



“Burada güclü bənd, qalib tərəf Azərbaycandır. Biz ona görə 44 günlük ağır müharibəni aparmamışdıq ki, indi ermənilərin yeni təxribatlarına göz yumaq. Dəfələrlə Prezident bu haqda öz sözünü deyib, azad olunmuş torpaqlarımızda olarkən də bəyan etdi ki, əgər qarşı tərəfdən bir güllə atılacaqsa, bunun cavabı çox sərt veriləcək. Onlar indi bunu anlamalıdırlar ki, daha rəsmi Bakı ilə zarafat etmək olmaz. Əgər XİN rəhbəri Azərbaycan sərhədlərini pozaraq Qarabağda, qanuni torpaqlarımızda təxribatçı hərəkətlərə yol verirsə, anlamalıdır ki, onun rəsmi şəxs olmasına baxmayaraq, beynəlxalq axtarışa belə verilə bilər. Düzdür, bu məsələ diplomatik prosedurlar çərçivəsində həllini tapar. Amma Azərbaycan bu cür təxribatları cavabsız qoymaz. Hər kəsə bəllidir ki, bizim fiziki cəhətdən ərazilərimizdə, xüsusən də keçmiş münaqişə bölgəsində geniş imkanlarımız var ki, istənilən qüvvəni susdura bilək. Bununla da təxribatlara son qoyub Azərbaycanın yurisdisiyanını təmin edək. Ona görə də, hazırda humanizm nümayiş etdirməyimiz əlavə bir şansdır”.

Tofiq Abbasov onu da vurğulayıb ki, erməni azlığına müəyyən imkanlar verilib. Onlar Azərbaycanın beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində dinc, firavan şəkildə yaşaya bilərlər. Təbii ki, əgər bizim qanunlara, xalqımıza, dövlətçiliyimizə qarşı zidd çıxmayacaq və cinayətlər törətməyəcəklərsə:

“Onlar ərazimizdə yaşaya, torpaqlarımızda qala bilərlər, özlərini digər azlıqlar kimi normal tərzdə ifadə və təqdim etməlidirlər. O ki qaldı indi separatizm meyllərini qidalandırmaq istəyən ünsürlərin aktivləşməsinə, yəni Balasanyanlar, Abramyanlar, Petrosyanlar və s. yanlara, onların gələcəyi yoxdur. Hətta istisna etmirəm ki, sərt xəbərdarlığa məhəl qoyulmasa, gələcəkdə xüsusi əməliyyatlar vasitəsilə bu canfəşanlıq edən separatçıların bəzilərini bölgədən götürüb Bakıya gətirərək rəsmi orqanlara, məhkəməyə təhvil verək. Belə hallar baş verə bilər. Çox güman ki, təxribatlar artsa, bu cür hallar reallaşacaq. Çünki onlar əgər baş verənlərdən düzgün nəticə çıxarmayıblarsa, deməli "dərs"i öyrənə bilməyiblər, separatçılara əlavə "dərslər"in keçirilməsi tələb olunacaq!”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Separatçı   Politoloq   Prezident   Xəbərdarlıq   Qarabağ   Humanizm  






Xəbər lenti