“Prezidentin keçirdiyi müşavirə 30 illin hesabatı idi” - Deputat
“Çünki cəmi bir neçə ay bundan əvvələ qədər yalnız xəyal edə biləcəyimiz torpaqlarımızın işğaldan azad edilməsi arzusu artıq 2020-ci ildə reallığa çevrilən gerçəklik olmuşdu. Qarşıda duran vəzifələr və görüləcək işlər isə ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın gələcək inkişafı və işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın təmin olunması ilə bağlı idi. Müşavirə eyni zamanda həm də 30 illik müstəqillik tariximizin bir növ qısa hesabatı idi. Azərbaycan Prezidenti torpaqlarımızın 30 ilə yaxın davam edən işğaldan azad edilməsindən danışarkən bir sıra mühüm məsələləri qeyd etməklə əslində nə üçün işğala məruz qalmağımızın səbəblərinə də toxunaraq bu səbəblərin yeni nəslə obyektiv şəkildə çatdırılmasının aktuallığından danışdı. Doğrudan da, yalnız tarixi yaddaşda varislilik və milli hesabatlılıq sayəsində tarixdən dərs çıxarmaq və yol verilən səhvləri bir daha təkrar etməmək olar”.
Deputat deyir ki, üçtərəfli bəyannamədə razılaşdırılmış maddələrdən danışarkən bu maddələrin qeyd-şərtsiz yerinə gətirilməsinin vacibliyini vurğulayan Prezident bu yaxınlarda erməni nazirin Azərbaycanın ərazisinə qeyri-qanuni səfərinə də toxundu və sərt bir şəkildə xəbərdarlıq etdi. Eyni zamanda o bir daha rus sülhməramlılarına öz vəzifələrini xatırlatdı:
“Müşavirədə böyük qayıdışın artıq həyata keçirilməsindən danışıldı və aydın oldu ki, hazırda bu qayıdışı təmin edəcək ilkin nəqliyyat və kommunikasiya layihələrinin icrasına başlanılıb, qısa müddətdə xeyli işlər görülüb. Bununla belə işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialının və təbii resurslarının qısa müddətdə qiymətləndirilməsi və iqtisadiyyatımıza qazandırılması ilə bağlı qarşıda mühüm vəzifələrin dayandığı bildirildi. Şəhərlərimizin yenidən qurulması, tarixi mədəni və dini abidələrimizin bərpa edilməsi, işğal müddətində erməni vandalizminə məruz qalmış ərazilərimizə dəymiş ziyanın hesablanaraq təzminatla bağlı hüquqi prosedurların başladılması da müşavirədə diqqət mərkəzində olan məsələlərdən idi.
Ən mühüm məsələlərdən biri isə Vətən müharibəsinin birinci qəhrəmanları olan şəhidlərimizə və onların ailələrinə dövlət qayğısının daimi olacağı ilə bağlı Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi fikirlər idi. Prezident bildirdi ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Dövlət başçısı dedi: “Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin”.
Kifayət qədər böyük bir proqramdır. Ona görə müharibəyə qədər növbədə dayanan şəhid ailələri bu evlərə yerləşdirilməlidir. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları da bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Doğrudan da belə bir qərarın qəbul edilməsi öz canlarını vətən torpaqlarımızı işğaldan azad edilməsi üçün fəda edən müqəddəs şəhidlərimizin ruhuna hörmət, onların ailələrinə isə diqqət və qayğının nümunəsi kimi qiymətləndirilməlidir”.
Tural Tağıyev
Azvision.az
Teqlər: Deputat Müşavirə Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


