İsa Həbibbəyli vəzifəsindən azad olundu - AMEA-da kadr islahatları

İsa Həbibbəyli vəzifəsindən azad olundu -  AMEA-da kadr islahatları
  09 Yanvar 2021    Oxunub:4300
Yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda bir sıra məsələlərə dair qərarlar qəbul edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunub. Qərara uyğun olaraq yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub və vitse-prezidentlərin sayı artırılıb. Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib və AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər. Akademiklər Nərgiz Paşayeva, Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev həmçinin AMEA-nın vitse-prezidenti vəzifəsini icra edirlər.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib. O, daha əvvəl AMEA-nın vitse prezidenti vəzifəsini icra edib.

Bundan əlavə, iclasda qəbul edilən qərara əsasən Fizika İnstitutunun rəhbər heyəti işdən çıxarılıb.

Qeyd olunub ki, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.

Qərara əsasən, institutun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.

Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib.

İnstitutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.

Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.

İclasda AMEA Rəyasət Heyətinin, o cümlədən elmi müəssisə və təşkilatlarının idarəetməsinin optimallaşdırılması üzrə müvafiq qərarlar da qəbul olunub.

Belə ki, institutlarda baş direktor və icraçı direktor, böyük və xüsusi məqsədli avadanlıqların mövcud olduğu müəssisələrdə baş mühəndis vəzifələrinin təsisi, eləcə də əldə olunan innovativ potensiallı elmi nəticələrin sosial fəaliyyət sahələrində və istehsalatda çevik tətbiqinə nail olmaq üçün elmi müəssisələrin ştat cədvəlinə tətbiq üzrə menecer ştatlarının daxil edilməsi qərara alınıb.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti