Komitə: Müraciətlərin əksəriyyəti alimentlə bağlıdır
Cari il ərzində Komitəyə vətəndaşların müraciətləri ilə bağlı 691 cavab məktubu daxil olub.
Hər ayın sonu daxil olan müraciətlərlə bağlı təhlil aparılaraq, Komitə rəhbərliyinə müvafiq arayış təqdim olunur. Daxil olmuş müraciətlər müəyyən olunmuş müddət çərçivəsində araşdırılmış, onların həlli yolunda lazımi tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilib.
İlin yekunlarına əsasən vətəndaşların müraciətlərinin ərazi və mövzular üzrə statistik təhlili aparılıb və nəticədə ən aktual problemlər müəyyən edilib. 28 dekabr 2020-ci ildə keçirilən kollegiyanın yekun iclasında qeyd olunduğu kimi, aparılan araşdırılma zamanı məlum olub ki, bu ildə Komitəyə ən çox Bakının Yasamal, Binəqədi, Suraxanı rayonlarından, həmçinin Sumqayıt şəhərindən, Sabirabad, Lənkəran, Saatlı, rayonlarından müraciət daxil olub.
Müraciətlərin əksəriyyəti maddi yardım, müalicə və müayinə olunmada köməklik, uşaqla keçirilən fərdi məşğələlər, iş, mənzil və ya fərdi ev tikmək üçün torpaq sahəsi ilə təmin edilmə, müxtəlif yönümlü sosial müavinətlərin alınması, aliment ödənilməsi ilə bağlıdır.
Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinə 2020-ci il ərzində 3397 müraciət daxil olub. Pandemiya dönəmində ailələrə dəstək olmaq məqsədilə 1500 ailəyə səfər edilib, 361 nəfərə psixoloji dəstək, 834 uşağa onlayn məşğələ keçirilib, 2446 ailəyə ərzaq yardımı, 1020 ailəyə məlumat vərəqəsi, 1562 nəfərə mərkəzlərin könüllüləri tərəfindən tikilmiş tibbi maskalar paylanılıb.
Koronavirusla mübarizə kampaniyası çərçivəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 8625 nəfər bəhrələnib.
Vətən müharibəsi dönəmində müvəqqəti olaraq sığınacaqlara yerləşdirilən ailələrə səfərlər edilmiş, onların tibbi-sosial-hüquqi problemləri araşdırılaraq, psixososial dəstək göstərilib, eyni zamanda sığınacaq şəraitində 450 uşağa inkişafetdirici məşğələlər keçirilib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


