İki şəhidin ailəsinə güzəştli mənzillər təqdim edildi
MİDA-dan Azvision.az -a bildirilib ki, “Güzəştli mənzil” sistemində “ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları” kateqoriyası ilə qeydiyyatdan keçən 1991-ci il təvəllüdlü Hüseynov Orxan Bəhmən oğlu və 1994-cü il təvəllüdlü Hüseynov Fərid Fətəli oğlu 2020-ci il sentyabrın 10-da Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçiblər.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər 2 hərbçimiz canından, qanından keçərək şəhidlik zirvəsinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıbdır. Ölkə başçısının siyasətinə uyğun olaraq hər 2 hərbi qulluqçumuz tərəfindən seçilən mənzillər onların ailələrinə təqdim edilib.
Mənzillə təmin olunmuş şəhid ailələri xalqımıza tarixi Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyev və Silahlı Qüvvələrimizlə qürur duyduqlarını qeyd ediblər. Onlara göstərilən yüksək diqqət və qayğıya, sosial müdafiələrinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


