Regionu dəyişəcək platforma: Bütün tərəflərin xeyrinə olacaq

Regionu dəyişəcək platforma:  Bütün tərəflərin xeyrinə olacaq
  11 Yanvar 2021    Oxunub:4169
“Hazırda regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün ən perspektivli platforma kimi 3+3 altıtərəfli platforma nəzərdən keçirilir”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycan-Türkiyə-Gürcüstan və Rusiya-İran-Ermənistan altıtərəfli əməkdaşlıq platforması regionumuzun inkişafı və uzunmüddətli sülhün bərqərar olması üçün ən perspektivli platformadır:

“Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə yaranan yeni geostrateji reallıq bütövlükdə regionun inteqrasiyası və inkişafı üçün də yeni perspektivlər təmin edib. Hazırkı postmüharibə mərhələsində Azərbaycan fəal şəkildə və sürətlə işğaldan azad edilmiş ərazilərində yol-nəqliyyat və infrastruktur layihələrini həyata keçirməkdədir. Belə olan halda yeni şərtlərdən daha səmərəli şəkildə istifadə etmək üçün region dövlətlərinin də diqqəti Azərbaycan yönəlmiş olur ki, bu sırada ilk növbədə Rusiya, Türkiyə və İranı qeyd edə bilərik. Əslində Rusiya və Türkiyənin problemin həllində oynadıqları mühüm siyasi rolu və postmüharibə mərhələsində sülhün qorunmasında iştirakçılığını nəzərə alsaq, o zaman bu iki ölkənin Azərbaycanla əməkdaşlıq kontekstində regionun iqtisadi-siyasi inteqrasiyasında da mühüm rol oynaya biləcəkləri ortaya çıxmış olur.

Şübhəsiz ki, qonşu İranın regional inteqrasiya prosesində mühüm rol oynaya biləcəyi hər kəsə aydındır və bu da region ölkələrinin, xüsusən yeni reallıqların memarı olan Azərbaycanın arzu etdiyi tərəfdaşlıq platformasının yaranması üçün əsaslardan biri kimi çıxış edə bilər. Buna paralel olaraq Gürcüstanın Azərbaycan tərəfindən həyata keçirilən bütün regionla və beynəlxalq enerji və nəqliyyat layihələrində iştirakçı olduğunu nəzərə alsaq, əslində regional inkişafı və inteqrasiyanı təmin edə biləcək platformanın konturları dəqiqləşmiş olur. Nəzərə almaq lazımdır ki, işğal faktı artıq ortada olmadığına görə arzu etdiyi və yeni reallıqları qəbul etdiyi təqdirdə Ermənistanın da bu platformada iştirakçılığı mümkündür. Ona görə də, hazırda regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün ən perspektivli platforma kimi 3+3 altıtərəfli platforma nəzərdən keçirilir. Yəni Azərbaycan -Türkiyə - Gürcüstan və Rusiya –İran- Ermənistan altıtərəfli əməkdaşlıq platforması regionumuzun inkişafı və uzunmüddətli sülhün bərqərar olması üçün ən perspektivli platformadır”.

Hikmət Babaoğlunun sözlərinə görə, təcrübə göstərir ki, regiondan kənar aktorların iştirakçılığı bəzi hallarda nəinki əməkdaşlığın inkişafına töhfə verir, tam əksinə bəzən belə iştirakçılıq ziddiyyət və qütbləşmə yarada bilir:

“Ona görə də, bundan sonrakı mərhələdə imzalanması perspektivi olan mümkün sülh müqaviləsi elə altıtərəfli əməkdaşlıq platformasına daxil olan Rusiya-Türkiyə və Azərbaycan-Ermənistan arasında razılaşdırılmış müqavilə ola bilər. Hazırda Rusiya sülhməramlıları regionda sabitləşdirici rol oynamaqla Ermənistanda mövcud olan müharibə tərəfdarlarının və revanşistlərin əl qolunu bağlayır. Bundan başqa Ermənistanda hələ də elə qüvvələr var ki, Rusiyanın regionda sülhyaratma və əməkdaşlığını inkişaf etdirilməsində oynadığı rolunu qəbul etmək istəmirlər. Onların məqsədi regiondan kənarda olan daha radikal aktorları prosesə cəlb etməklə yenidən müharibəni alovlandırmaqdan ibarətdir.

Əslində biz bilirik ki, bu həvəsdə olan bəzi dövlətlər də yox deyil. Ona görə də regionda əməkdaşlığın və sülhün qalıcı olması hər şeydən öncə region ölkələrinin marağındadır. Yeni yol nəqliyyat və kommunikasiya layihələrinin bərpası isə məhz bu məqsədlərə xidmət edəcək. Məsələn, dəmiryolu kommunikasiyalarının bərpası qonşu İranın Avrasiya İttifaqına üzv olan ölkələrlə əməkdaşlığına imkanlar yaradacaq. Eyni zamanda Türkiyə bütün kommunikasiyalardan istifadə etmək imkanları əldə edəcək və beləliklə də, uzun illərdir Ermənistanın işğalçılıq siyasəti ucbatından iflic vəziyyətə düşmüş regionla inteqrasiya nəhayət baş tuta biləcək. Bu da bütün tərəflərin xeyrinə olacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Əməkdaşlıq-platforması   Deputat   Region   Müharibə  






Xəbər lenti