Yenilənmiş 1, 5 və 50 manatlar tədavülə buraxılır
Hazırda AMB tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının tədavülə buraxılmasına başlanılır. Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaqdır.
Qeyd edək ki, hazırda tədavüldə olan köhnə nümunəli pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi sonacan məhdudiyyətsiz istifadə ediləcəkdir.
Eyni zamanda bildiririk ki, koronavirusla bağlı mövcud pandemiya vəziyyəti ilə əlaqədar hazırda tətbiq olunan məhdudiyyətlər səbəbindən bir sıra qeyri-bank ödəniş təşkilatları (Modenis MMC - “eManat“, Komtec Ltd. - “MilliÖN”, Expressbank ASC - “Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinin yekunlaşmadığını və bu proseslərin davam etdiyini bildirmişlər. Bununla əlaqədar əhalinin diqqətinə çatdırılır ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasınadək belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur.
Yenilənmiş pul nişanları ilə bağlı əlavə məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə edilə bilər.
Azvision.az