“Müharibə iştirakçılarına psixoloji yardım göstərilməlidir” - Elnur Rüstəmov
“Təəsssüf ki, bu travma hamıya eyni dərəcədə təsir göstərmir. Kimisi bunu yüngül, kimisə ağır keçirə bilər. Posttravmatik stress pozuntuları keçən əsrin ortaları, konkret olaraq Vyetnam müharibəsindən sonra aktuallıq kəsb etməyə başladı. Burada qeyd olunurdu ki, müharibə iştirakçıları və onların ailələrinə psixoloji yardım göstərilməlidir. Bu şərt kimi göstərilir. Şübhəsiz bunun mexanizmi, metodikası olmalıdır. Çünki psixoloji yardım özü spesifikdir, konkret yerdə, konkret saatda və ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılmalıdır. Hər psixoloq problemlə işləyə bilməz. Lakin psixoloqu hazırlamaq olar”.
44 günlük Vətən müharibəsi iştirakçılarının sayının çox olduğunu deyən E.Rüstəmov qeyd edib ki, onlara psixoloji yardım göstərəcək kadr potensialı kifayət qədər deyil.
“Bu kadrların bir qismi hazırlanmalıdır və mərkəzləşdirilmiş olmalıdır. Hər hansı müharibə iştirakçısı bilməlidir ki, psixoloji yardımla bağlı hara müraciət etməlidir və oradan da yönləndirilməlidir. Müharibə iştirakçılarının hər biri paytaxtda yaşamır. Lakin bəzən olur ki, psixoloji yardımı almaq üçün Bakıya gəlməli olurlar. Bu da nəzərə alınmalıdır. Hər bir rayonda və yaxud regional olaraq müharibə iştirakçılarının konkret psixoloji yardımla bağlı müraciət edəcəyi yer olmalıdır. Həmin yerdə psixoloji yardımın göstərilməsi vacib deyil. Orada təlimlər, qrup terapiyaları aparıla bilər, müharibə iştirakçılarının işə düzəlməsi ilə bağlı təlimlər də verilə bilər. Dünya praktikasında bu var. Psixologiya Elmi Tədqiqat İnsitutu olaraq təkliflərimizi qurumlara vermişik”.
Psixoloq bildirib ki, qələbəni təmin edənlər müharibə iştirakçıları olub və bu müharibə sürətinə, aktiv döyüşlərinə görə birinci Qarabağ müharibəsindən fərqlənir.
“Müharibə iştirakçılarının böyük bir qismi hər an ölümlə üz-üzə qalıb. Yanında dostları, yaxınları, tanıdığı insanlar şəhid olub. Məsələyə bu istiqamətdən baxsaq, onların 44 gün müharibədə almış olduqları travma miqyasına görə böyükdür. Hər gün onlar aktiv döyüşlərdə iştirak ediblər. Mən onlarla hər gün görüşürəm. Bunu fərdi şəkildə edirik, lakin biz onlara yetə bilmirik. Bir psixoloq həftə ərzində 10-12 müharibə iştirakçısı ilə görüşə bilər. Psixoloq çox insanla da görüşə bilmir. Müharibə iştirakçılarına hər bir vətəndaş hansı sahədə çalışmasından asılı olmayaraq dəstəyini göstərməlidir. Lakin psixoloji yardım bu prosesin içərisində aparıcı rol oynayır. Bu, mərkəzləşdirilmiş formada olsa, dəstək tam göstərilə bilər. Paralel olaraq maarifləndirmə işləri, tədqiqat işləri aparılmalı və nəticələr cəmiyyətə təqdim olunmalıdır.
Posttravmatik stress pozuntusu travma alanda 6 ay sonra öz təsirini göstərir. Ən vacib məsələ psixoloji yardıma qədər olan məqamdır. Psixoloji yardımla psixopraflaktika işini düzgün təşkil etsək, konkret psixoloji yardıma ehtiyacı olan vətəndaşların sayı azalar. Ona görə də bu gün görə biləcəyimiz vacib məqamlardan biri psixoloji maariflənmə və psixopraflaktikaya yer ayırmaqdır”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Vətən-müharibəsi Psixoloji-yardım







Vaxtında, Aydın, Lazımlı!


