Anar Bağırov: “Heç kəs səhvdən sığortalanmayıb”
O bildirib ki, ölkədə 1844 nəfər vəkil var, barmaqla sayılası bir neçə kassasiya və əlavə kassasiya şikayətində diqqətsizlik olub, səhv aşkarlanıb.
"Bunu bütün vəkillərdən narazılıq kimi təqdim etməklə məsələni təhrif etmək kimə və nə üçün lazımdır?! Nəzərə alın ki, məhz bizim vəkillərimizin şikayətləri əsasında hər il müxtəlif instansiya məhkəmələrin qəbul etdikləri minlərlə qətnamə, qərardad, qərar və hökmlər tam və ya qismən ləğv olunur, dəyişdirilir. Bəzən 3 hakimdən ibarət məhkəmə tərkibinin qərarı bir vəkilin əsaslı şikayəti əsasında ləğv olunur. Təbii ki, heç vaxt razı olmaram ki, bu, hakimlərin peşəkarlığının aşağı səviyyəsi ilə izah olunsun və cəmiyyətə bu cür təqdim edilsin. Səhv mümkündür və heç kəs səhvdən sığortalanmayıb. İşçi qaydada yazışmanı və peşədaxili müzakirəni başqa istiqamətdə təhrif etmək qəti şəkildə yolverilməzdir. Bunu peşəkar jurnalistikaya yaraşdırmıram və bu məlumatı KİV-ə göndərən vəkil həmkarları daha məsuliyyətli olmağa, peşə maraqlarını şəxsi maraqlara qurban verməməyə və ciddiyyətə dəvət edirəm".
Qeyd edək ki, yerli kİV-də yayılan məlumata görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məktub göndərərkən vəkillərin fəaliyyətindən narazılığını bildirib.R.Rzayev məktubunda qeyd edib ki, vəkillər əsassız və düzgün tərtib edilməyən kassasiya şikayətləri ilə Ali Məhkəmənin kollegiyalarında mövcud iş yükünü artırırlar.
Azvision.az
Teqlər: VK Sədr Anar-Bağırov







Vaxtında, Aydın, Lazımlı!


