“Bundan sonra da korrupsionerlərə qarşı mübarizə amansız olacaq”

 “Bundan sonra da korrupsionerlərə qarşı mübarizə amansız olacaq”
  12 Yanvar 2021    Oxunub:2202
Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirildi. Ölkə başçısı çıxışı zamanı bir sıra vacib məsələlərə toxundu. Bunlardan biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı idi.
Prezident deyib: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir”.

Prezidentin tapşırıqlarına uyğun olaraq, dövlət idarəçiliyində maliyyə şəffaflığının təmin edilməsi istiqamətində korrupsiya hallarına qarşı mübarizə tədbirləri özünü çox gözlətmədi. “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Vidadi Muradovun qanunsuz əməlləri ifşa edildi. O, külli miqdarda dövlət vəsaitini mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs olundu. Bu isə bir daha təsdiqlədi ki, dövlət korrupsiya çirkabına bulaşmış məmurlara qarşı amansız mövqedədir, onların cəzalandırılması istiqamətində tədbirlər davam etdirilir.



Hüquq müdafiəçisi, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Azvision.az-a deyib ki, ölkə başçısının prinsipial mövqeyi sayəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya əməlləri sərt şəkildə cəzalandırılır:

“Korrupsiyaya qarşı mübarizə davamedici proses olmalıdır. Azərbaycan Prezidentinin belə bir siyasi iradəsi var və bu iradəni davamlı olaraq hər zaman həm ictimaiyyətə, həm də dövlət orqanlarının nəzərinə çatdırır. Bu və ya digər qanunların qəbul edilməsi, institusional dəyişikliklərin baş verməsində proses irəliləməkdədir. İslahatların davam etməsi də prosesin davamlılığının göstəricilərindəndir. Çünki korrupsiya həm də islahatlara mane olan bir fenomendir. Ona görə də, məhz islahatlara mane olan müqavimət ocaqlarının qarşısının alınması çox vacibdir. Bu məsələdə ən çox korrupsionerlər müqavimət göstərən ocaqlar sayılırlar. O baxımdan, hesab edirəm ki, hazırda hökumətin davam etdirdiyi proses inkişafa doğru getməkdədir”.

Əliməmməd Nuriyevin sözlərinə görə, ölkə başçısı bu cür neqativ əməllərə yol verənlərə qarşı bağışlanmaz mövqe sərgiləyir. Baxmayaraq ki, ötən il Vətən müharibəsi baş verdi, ötən ilin sonlarına doğru bütövlükdə bu proseslər bir qədər səngidi, amma 2021-ci ilin əvvəli yeni yüksək çinli məmurun korrupsiya əməlinə görə cəzalanması ilə başladı:

“Hətta müharibə dövründə belə məlum istiqamətdə ayrı-ayrı araşdırmalar davam etməkdə idi. Artıq İkinci Qarabağ savaşı qalibiyyətimizlə başa çatıb və yenidən bu məsələlər dövlətin siyasətinin əsas prioritetlərinə çevrilib. Həm islahatların davam etməsi, müəyyən dəyişikliklərin baş verməsi, həm də digər məsələlər buna misal ola bilər. Prezidentin keçirdiyi son müşavirədə Maliyyə Nazirliyinə büdcə vəsaitlərinin səmərəli xərclənməsi, şişirtmələrin qarşısının alınmasıyla bağlı göstərişlərin verilməsi də bu qəbildən idi. Eyni zamanda bir sıra yeni struktur dəyişiklikləri baş verdi. Bu da məhz ölkədə islahatların davam etməsinə və bütövlükdə idarəetmə institutunun daha da təkmilləşdirilməsinə yönələn addımlardır. “Azərxalça” rəhbərinin korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilməsi isə bundan sonra da korrupsionerlərə qarşı mübarizənin amansız olacağını göstərdi. Ölkədə müharibə vəziyyəti və ya korrupsionerin hansı vəzifə tutmasından asılı olmayaraq bu əməllər bağışlanmayacaq, mövzu daim diqqətdə saxlanılacaq. Yeri gəlmişkən, qeyd edim ki, müxtəlif vaxtlarda bu şirkətin rəhbərinin qanunsuz əməlləri ilə bağlı məlumatlar yayılırdı. Bu da istər-istəməz hüquq-mühafizə orqanlarının diqqətini məlum sahəyə yönəltmişdi. Konkret faktlar müəyyənləşdirildikdən sonra həmin şəxs saxlanıldı.

Bir məqamı da qeyd etmək yerinə düşərdi. Baş prokuror Kamran müəllim “Real” TV-də çıxışında çox mühüm məsələlərə toxundu. Məlum oldu ki, ölkədə müəyyən korrupsiya şəbəkələri mövcud imiş. Bu şəbəkələrlə effektli, səmərəli mübarizə üsulları seçilməlidir ki, bütövlükdə həmin arzuolunmaz şəbəkə dağılsın və yenidən dirçəlmək imkanları belə qalmasın. Korrupsiya şəbəkələri o deməkdir ki, yeni-yeni mürəkkəb, korrupsiya sxemləri fəaliyyət göstərməkdədir. Həm müstəqil, həm də bu korrupsionerlərin ayrı-ayrı sahələrdə vahid mərkəzdən idarə edilməsi prosesləri baş verir. Ona görə də, bu problemləri kökündən həll etmək vacibdir. Baş prokuror qeyd etdi ki, anti-korrupsiya zərbələri davam etdiriləcək. Bu çox vacib bir məqam idi. Dəqiqləşdirilmiş nöqtəvi zərbələrin edilməsi çox əhəmiyyətlidir və bütövlükdə korrupsiyalaşmış müəyyən şəbəkələr sistemi yəqin ki, çox uzun çəkməyəcək, dağıdılacaq. Bunun özü də siyasi iradənin davamlı olduğunun nümunəsidir. Onu da qeyd edim ki, Kamran Əliyev indiki vəzifəsinə təyin olunmamışdan əvvəl Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi olmaqla yanaşı baş prokurorun müavini idi. Bu mənada o, korrupsiyaya qarşı mübarizəni həm nəzəri, həm də praktik cəhətdən çox əhəmiyyətli dərəcədə bilir. Onun təcrübəsi bu istiqamətdə bir çox uğurlu addımlara gətirib çıxarıb. Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə prokurorluğun da səyləri, bütövlükdə mübarizənin daha uğurlu, səmərəli həyata keçirilməsi davam edəcək”.

Hüquqşünas hesab edir ki, dövlət qulluqçularının, vəzifəli şəxslərin gəlir deklarasiyası ilə bağlı qanunun tətbiq edilməsi prosesinin vaxtı çatıb:

“Əlbəttə, belə hesab etmirəm ki, bu, bütövlükdə korrupsiya ilə bağlı hələ də qalan dərdlərimizə dərman olacaq. Həm də effektli alətlərdən biri ola bilər. Bizim o zaman vəzifəli şəxslərin gəlirlərinin dinamikasını izləmək imkanımız olacaq. Hüquq –mühafizə orqanlarının da rahat şəkildə prosesləri izləmək imkanları olacaq ki, hansı məmurun gəliri qanunidir, hansınınkı qanunsuz. Yaxud da, qeyri-qanuni gəlir aşkarlanarsa, bu mənbələrin nədən ibarət olması tez müəyyən ediləcək. Bu baxımdan hesab edirəm qanunun işlək hala gəlməsinə ehtiyac yaranıb.

Digər bir məsələ odur ki, gizli iqtisadiyyatın əsaslarının daha da daralması istiqamətində addımların atılması surətlənir. Bu da struktur dəyişikliklərini, islahatları zəruri edir. İqtisadiyyat Nazirliyi tərəfindən həmin istiqamətdə əhəmiyyətli addımlar atılmaqdadır. Həm Dövlət Vergi Xidməti tərəfindən, həm də digər alətlərdən istifadə olunmaqla proses aktiv şəkildə irəliləməkdədir. Yəni kompleks və sistemli tədbirlərin aparılması çox vacibdir. Düşünürəm ki, məlum yöndə ciddi addımlar atılır və atılacaq da. Azərbaycan Prezidentinin bu istiqamətdə aydın, sabit, davamedici və qalıcı iradəsini görürük. Bu iradə şübhəsiz ki, həm dövlət orqanlarının fəaliyyətinin keyfiyyətinin artırılmasına, həm də vəzifəli şəxslərin daha məsuliyyətli olmasına gətirib çıxarır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Korrupsiya   Baş-Prokurorluq   Müşavirə   Prezident  






Xəbər lenti