“Moskva bəyanatı 10 noyabr sənədinin davamı oldu” - Politoloq

 “Moskva bəyanatı 10 noyabr sənədinin davamı oldu” -  Politoloq
  12 Yanvar 2021    Oxunub:2566
Xəbər verdiyimiz kimi, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün nəticəsi olaraq bəyanat imzalanıb.
Moskva danışıqlarını Azvision.az -a şərh edən politoloq İlqar Verdizadə deyib ki, bugünkü görüş 10 noyabr bəyanatının davamı kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, bu gün əldə olunan razılaşmanın ana xətti daha çox iqtisadi məsələlərdən ibarətdir:

“Bildiyiniz kimi tərəflərin razılığına əsasən, xüsusi işçi qrupu fəaliyyət göstərəcək. İşçi qrup ümumi işlər əsnasında növbəti addımları müəyyənləşdirəcək. İlkin təəssürat budur ki, iqtisadi və humanitar sahələrdən, atılacaq addımlardan söhbət gedir. Belə ki, kommunikasiyaların açılması, gediş-gəlişin təmin edilməsi məsələləri, eyni zamanda bununla bağlı digər proseslər əsas ana xətt olacaq. Humanitar məsələlərə toxunduqda isə, onu deyə bilərəm ki, burada əsasən bölgəyə qayıdan insanların dinc yaşayışı ilə bağlı məsələlərin həlli nəzərdə tutulur. Yəni görüşlə bağlı nüanslar çoxdur, nəticələri qarşıdakı günlərdə, aylarda görəcəyik. Hələlik biz müəyyən fərziyyələri deyə bilərik”.

Politoloq vurğulayıb ki, Moskva bəyanatı 10 noyabr sənədinin davamı oldu: "Yeni addımlar üçün hüquqi baza qurulurdu. Üçtərəfli işçi qrupu ortalığa müəyyən sənəd qoya bilər ki, qarşıdakı aylarda da bu sənəd üzərində müəyyən işlər getsin. Əvvəlcədən qeyd etdiyim kimi, işçi qrup müəyyən sənəd üzərində işləməli, hamı üçün uyğun olan sənəd hazırlanmalıdır. Düşünürəm ki, qarşıdakı günlərdə bu istiqamətdə işlər aparılacaq.

Biz nə istəyirik? Bütün problemlərin tezliklə öz həllini tapmasını istəyirik. Azərbaycanın köçkünləri öz yurd-yuvalarına qayıdıb təhlükəsiz şəkildə yaşasınlar. Sərhədlərimizə olan nəzarət tam şəkildə problemsiz bərpa olunsun, o cümlədən, Laçın dəhlizi ilə bağlı bəzi məsələlər yoluna qoyulsun. Artıq regiona səfərlər təşkil olunanda mütləq şəkildə rəsmi Bakının razılığı alınmalıdır. Dağlıq Qarabağa kimsə gedirsə, ilk növbədə bizə müraciət etsin. İstəklər, əsas maraqlar bunlardır. Hazırda düşünürəm ki, iqtisadi əlaqələr, kommunikasiyaların bərpası ilə bağlı işlərə başlanması nəzərdə tutulur. Digər məsələlər, siyasi məqamlar yəqin ki, başqa söhbət və razılaşmaların ana xəttinə çevrilə bilər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bəyanat   Politoloq   Moskva   İşçi-qrupu  






Xəbər lenti