“İynəni damarıma 40 dəfə salıb-çıxarırdılar” - Əsirlikdə olmuş Yəhya

 “İynəni damarıma 40 dəfə salıb-çıxarırdılar” -  Əsirlikdə olmuş Yəhya
  12 Yanvar 2021    Oxunub:14313
"Ermənilər məni əsir götürdükdən sonra işgəncə verir, yarama barmaq basır, döyürdülər. Məndən məlumat almaq istəyirdilər. Lakin mən hərbçi deyildim, döyüşlərə könüllü qatılmışdım və heç bir məlumatım yox idi".
Bunu Azvision.az -a açıqlamasında 35 gün erməni əsirliyində qalan hərbi qulluqçu Yəhya Abdinov deyib. O, müharibə vaxtı ailəsi ilə sonuncu dəfə noyabrın 2-də əlaqə saxladığını bildirib.

"Noyabrın 9-da Xocavənd istiqamətində qızğın döyüşlər zamanı snayperlə ayağımdan yaralandım. Həmin döyüşdə yaralı və şəhidlərimiz oldu. Məni çıxarmaq mümkün olmadı. Qanaxmadan huşumu itirmişdim. Özümə gələndə artıq ermənilər yanımda idi və məni əsir götürdülər. Xankəndiyə apardılar, sorğu-sual edildim. İşgəncə edərək məlumat almaq istəyirdilər. Məndə onlara lazım olan cavablar yox idi, çünki hərbçi deyildim, könüllü döyüşlərə qoşulmuşdum. Orada heç bir gün qalmadım, sonra məni Ermənistana apardılar. Ayılanda artıq reanimasiyada idim, əməliyyat etmişdilər. Lakin tam əməliyyat etməmişdilər. Yaram pis idi, hər gün gəlib yaranın içərisindən qırıq sümük çıxarıb, işgəncə edirdilər. Sistem vuranda damarıma 40 dəfə yalandan iynə salıb çıxarırdılar, guya damarı tapa bilmirdilər. Yeməyimizi kəsirdilər, bir şey istəyəndə vururdular. Digər əsirləri görə bilmirdim, çünki bizi ayrı-ayrı otaqlarda saxlayırdılar”.



Y.Abdinovun sözlərinə görə, dekabrın əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsindən gəlib onlarla maraqlanıblar.

“Onlar gələndən 10 gün sonra bizi Bakıya qaytardılar. Bakıya gəldiyimizi bilmirdik. Təyyarədə olanda bildik. Bizim müharibənin bitməsi barədə xəbərimiz olmayıb. Paşinyana qarşı etirazları eşidirdik, lakin bilmirdik ki, nə olub. Bakıya gələndən sonra öyrəndik ki, qələbə qazanmışıq.



Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm ki, bizi əsirlikdən xilas etdi. Dövlətimizin qayğısı nəticəsində bizi yenidən müayinə etdilər. Ermənilər ayağımı səhv əməliyyat etmişdi, sümük əyri bitirdi, burada həkimlərimiz yenidən əməliyyat etdi, ayağımı düzəltdilər və mil qoydular. İndi səhhətim yaxşıdır. Hələ yeriyə bilmirəm, lakin irəliləyiş var”.

21 yaşlı Yəhya Abdinov 44 günlük Vətən müharibəsində düşmənə qarşı döyüşlərdə fəal iştirak edib. O, ermənilərin iyul ayında törətdiyi təxribatdan sonra könüllü olaraq ordu sıralarına yazılıb.



“Sentyabrın 28-də səfərbərlikdən çağırış gəldi və sentyabrın 30-da Ağcabədiyə aparıldıq. Sonra Füzuli istiqamətində döyüşlərə başladıq. Piyada quru qoşunlarında idim, bizim vəzifəmiz erməni postlarını almaq idi. Postları ala-ala irəliləyirdik. Ermənilər 30 il ərzində orada güclü postlar qurmuşdular. Lakin biz onları məhv etdik və torpaqlarımızı düşmən işğalından azad etdik. Düşmən döyüşlərdə daha çox iriçaplı silahlardan istifadə edirdi, biz də əks cavabları lazımi qədər verirdik. Azad etdiyimiz postlara ermənilər sonradan əks hücumlara keçirdilər. Lakin biz o postlarda güclənirdik və ermənilərin hücumlarını dəf edirdik.

Noyabrın əvvəli artıq Xocavənd rayonuna daxil olmuşduq, 9-10 gün olardı döyüşürdük. Rayon demək olar ki, alınmışdı və Xankəndi istiqamətində irəliləyirdik. Lakin noyabrın 9-u qızğın döyüşdə ayağımdan snayper gülləsi ilə yaralandım və əsir götürüldüm".

Vətən uğrunda döyüşməyin qürurverici olduğunu deyən Yəhya şəhidlərimizin, Xocalı faciəsinin qisasını aldıqlarını qeyd edib:

“Bu döyüşlər olmalıydı, oldu da. Döyüşün başlanmasına sevinirdik və inanırdıq ki, qalib olacağıq. Torpaqlarımız geri qaytarıldı. Döyüşlər zamanı irəlilədikcə, torpağımızı azad etdikcə daha da sevinirdik. 2-3 gün əvvəl ermənidə olan post bizdə olurdu. Bu, gözəl duyğudur. Döyüşlərdə olduğum Füzuli, Xocavənddə erməni vəhşiliklərinin izləri var idi. Hər yer dağınıq idi, sökülmüşdü. İnşallah ayağa qalxandan sonra Qarabağa getmək, oranın hər qarışını gəzmək istəyirəm”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yəhya-Abdinov   Vətən-müharibəsi  






Xəbər lenti