Qurumların “Hökumət buludu”na miqrasiyası mərhələli olacaq

 Qurumların “Hökumət buludu”na miqrasiyası mərhələli olacaq
  12 Yanvar 2021    Oxunub:2092
Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı ilə təsdiq olunan Keçid Planına əsasən dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası mərhələli olaraq həyata keçiriləcək.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Bildirilib ki, miqrasiya prosesi dövlət qurumlarının İT infrastrukturunun virtuallaşmaya hazırlığından, data mərkəzlərinin vəziyyətindən, informasiya bazasının kritikliyindən, beynəlxalq təcrübədən və digər faktorlardan asılıdır:

"Keçid planında qeyd olunan ardıcıllığa əsasən kritik infrastruktura malik olmayan və İT avadanlıqları virtuallaşmağa hazır olan qurumlar daha ilkin etaplarda, digərləri isə növbəti mərhələlərdə “Hökumət buludu”na keçid edəcək. Həmçinin İT avadanlıqları yeni olan qurumlar “Hökumət buludu” layihəsi çərçivəsində “Yerləşdirmə” xidmətindən istifadə edərək infrastrukturunu Tier 3 standartlarına cavab verən Milli Data Mərkəzində yerləşdirə biləcək. Bununla da dövlət qurumları İT infrastrukturun saxlanması üçün yaranan əlavə xərclərin qarşısını almış olacaq".

Qeyd edək ki, Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə “Hökumət buludu” (G-cloud) Konsepsiyası” təsdiq ediib və dövlət orqanlarının data mərkəzlərinin mövcud vəziyyətini analiz etmək üçün qurumlar sorğuda iştirak edib. Aparılmış audit və keçirilmiş sorğuların nəticəsinə əsasən dövlət qurumlarının “Hökumət buludu”na Keçid Planı tərtib edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hökümət-buludu  






Xəbər lenti