“Ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq” - Vüqar Bayramov

 “Ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq” -  Vüqar Bayramov
  12 Yanvar 2021    Oxunub:3544
"Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticəsi ölkəmiz üçün geoiqtisadi əhəmiyyət daşıyır. Bu, “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir".
Bu barədə Azvision.az -a iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək.

"Dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevrir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq".

Deputat qeyd edib ki, Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Gözlənilir ki, bu dəhliz Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına töhfə verməklə sahibkarların daha böyük bazarlara çıxışını təmin edəcək.

Azvision.az


Teqlər: Vüqar-Bayramov   Deputat  





Xəbər lenti