“Moskva bəyanatında ölkəmiz qazanan tərəf oldu” - Politoloq rəyi

“Moskva bəyanatında ölkəmiz qazanan tərəf oldu” -  Politoloq rəyi
  12 Yanvar 2021    Oxunub:2708
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər etdi. Səfər zamanı ölkə başçısı Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti ilə üçtərəfli görüş keçirdi. Tarixi Moskva görüşünün yekunu ilə bağlı xüsusi üçtərəfli bəyanat imzalandı.
Siyasi şərhçilər Moskva görüşünü Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsi kimi qiymətləndirirlər. Qeyd edilir ki, üçtərəfli bəyanatın əhəmiyyəti ölkəmiz üçün çox böyükdür. Moskva bəyanatı regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli İşçi qrupun, yarımqrupların yaradılması, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir. Sənəd Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı bir daha təsdiqləyir və kommunikasiyaların bərpası ilə bağlı əks olunmuş müddəaların həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üçün müvafiq vəzifələri müəyyən edir.

11 yanvar bəyanatında, hər üç ölkənin imza atdığı sənəddə əksini tapmış ən mühüm məsələ martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm önəm kəsb edən nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının yaradılması istiqamətində əhəmiyyətli addımdır.

Üç ölkə rəhbərinin Moskva görüşünü Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli deyir ki, 11 yanvar bəyanatını həqiqətən də Azərbaycanın növbəti diplomatik qələbəsi saymaq üçün kifayət qədər əsaslar var:

“Əvvəla ötən ilin 10 noyabr razılaşmasını xatırlatmaq istərdim ki, bunun özü də Azərbaycan üçün uğurlu bir sənəd idi. 11 yanvar bəyanatında isə həmin sənəd bir daha təsdiqlənmiş oldu, onun müddəaları öz əhəmiyyətini daha da artırdı. İkinci bir tərəfdən sənəddə Dağlıq Qarabağın statusu məsələsinə, bölgədəki digər sonradan peyda olan iddialara yer ayrılmadı. Məsələn, biz postmüharibə dövründə qarşı tərəfdən Hadrut və digər yeni məsələlərin qaldırılmasının şahidi oluruq. Yəni onların iddia etdiyi kimi Dağlıq Qarabağ ərazisinə aid olan, amma ordumuz tərəfindən azad edilərək geri qaytarılan bəzi torpaqlar haqqında da müddəalar ortaya qoyulmadı. Əslində bu cür iddia və müddəalar ortaya qoyula da bilməzdi. Azərbaycan Prezidentinin qətiyyəti buna imkan verməzdi”.

Politoloqun sözlərinə görə, noyabr bəyanatı kimi bu razılaşmanın bir sıra əhəmiyyətli cəhətləri oldu. Məsələn, razılaşmada böyük perspektivlər vəd edən kommunikasiya xətlərinin açılmasından, özü də yeni kommunikasiyaların yaradılmasından söhbət gedir:

“Bununla bağlı xüsusi İşçi qrupu yaradılacaq ki, heyət baş nazirlərin müavinləri səviyyəsində təşkil olunacaq. Söhbət hazırda Mehri dəhlizindən, buradan Sovet dövründə olduğu kimi dəmir yolu və şosse yolunun açılmasından gedir. Bu, əlbəttə ki, nəinki Azərbaycanın, Türkiyənin də böyük uğuru hesab edilə bilər. Çünki artıq “Turan yolu” deyilən tarixi və iqtisadi əhəmiyyətli böyük bir nəqliyyat dəhlizi, strateji yol bərpa edilir. Eyni zamanda bu Rusiyanın özü üçün də çox mühüm əhəmiyyətə malik bir layihə olacaq. Şimal qonşumuz Türkiyə ilə birbaşa dəmiryolu əlaqəsini qurur. Rusiyanın nəinki Türkiyə ilə, elə Ermənistanla da birbaşa dəmir yolu əlaqəsi olacaq. Həmçinin regiona yenicə gələn sülhməramlılarla da dəmir yolu ilə rahat əlaqənin qurulması Moskvanın bu işdə nə qədər irəli düşəcəyindən xəbər verir.

Digər diqqət çəkən məqam beynəlxalq rabitə və internet əlaqələri ilə bağlı məsələlərdə ümumi iş birliyinə nail olunması haqqında razılığın əldə edilməsidir. Cənubi Qafqaz regionuna gələn internet və digər optik rabitə əlaqələrinin üzərində olan mülkiyyət Azərbaycana məxsusdur. Bu nöqteyi-nəzərdən sənəddə ölkəmiz qazanan tərəf oldu. Əgər indiyə kimi Azərbaycan Gürcüstana gedən rabitə və internet xətlərinin mülkiyyətçisi idisə, bundan sonra həm də Ermənistana gedən həmin xətlərin mülkiyyətçisi olacaq. Bütün bunlar onu göstərir ki, regionda Azərbaycanın liderlik imkanlarını artıran məsələlər artıq çoxalmaqdadır. Bunlar çox böyük əhəmiyyətə malik olan hadisələrdir”.

Naxçıvana rahat yolların açılması, bu strateji ərazinin blokadadan çıxarılmasını ciddi tarixi uğurumuz sayan politoloq muxtar respublikaya gedəcək yola İranın da qoşulmaq imkanlarının olacağını qeyd edib:

“İndiyə kimi Naxçıvana aparılan yüklərə görə, İrana xeyli tranzit rüsumları ödənilirdi. Bundan sonra həddindən artıq böyük vəsaitlər başqa ölkəyə axmayacaq. Çünki bundan sonra Ermənistan ərazisindən daşıyacağımız yüklərə biz, bizim ərazimizdən keçən yüklərə də ermənilər rüsum ödəməyəcəklər. Beləliklə, Naxçıvana aparılan yüklər əvvəllər tranzit rüsumları hesabına formalaşırdısa, indi o pullar büdcəmizdə qalacaq. Bir sözlə, dünənki Moskva görüşü zahirən siyasi məsələlərin müzakirəsinə həsr olunmuşdusa, sırf iqtisadiyyatı gücləndirən, əlaqələri canlandıran, kommunikasiya əlaqələrini sıxlaşdıran, bunun nəticəsində gərginliyi azaldan məqama xidmət edir. Loru dildə desək, atılıb düşən erməni daşnakları da görəcəklər ki, tənqid etdikləri Paşinyan həm də ölkəsi üçün səmərəli işlərə qol qoymağı da bacarırmış”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Moskva   Görüş   Bəyanat  






Xəbər lenti