“Köçkünlərin qayıtması ilə bağlı sual xətrimə dəyir” - Xocalının deputatı

 “Köçkünlərin qayıtması ilə bağlı sual xətrimə dəyir” - Xocalının deputatı
  13 Yanvar 2021    Oxunub:6395
Keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov deyib.
O bildirib ki, məcburi köçkünlərin hər biri doğma yurd-yuvalarına qayıdacaqları günü səbrsizliklə gözləyir:

“Bir keçmiş məcburu köçkün kimi demək istərdim ki, “görəsən məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq, ya yox?” sualı bizim xətrimizə dəyir, bizi narahat edir. Dədə-baba yurdumuza, torpağımıza qayıdacağımız günü səbrsizliklə gözləyirik. 30 ilə yaxındır ki, torpaq həsrətilə yaşayırıq. Biz bu mübarizəni, müharibəni nəyə görə aparmışıq, nəyə görə dünyaya səsimizi çatdırmışıq? Bizim hər birimiz o günü səbrsizliklə, həsrətlə gözləmişik. Sağ olsun Azərbaycan Ordusu, Ali Baş Komandanımız. Var olsun Azərbaycan dövləti ki, bizim torpaqlarımız işğaldan azad olundu. İndi müəyyən proseslər və prosedurlar var. Bəzi işlər görülməlidir, şərait yaradılmalıdır ki, əhali ora qayıtsın”.

Hər bir məcburi köçkünün ata-baba yurduna qayıdacağını deyən deputat vurğulayıb ki, onlar sönmüş, xaraba qalmış yurdlarında ocaqlarını, işıqlarını yandıracaqlar.

“Bu, gözləniləndir. Burada tərəddüd, başqa söhbət ola bilməz. Ölkə başçısının rəhbərliyi altında dövlət proqramı səviyyəsində qısa zamanda işğaldan azad edilmiş torpaqlarda bərpa işləri başlayacaq. Əhalimizin yaşaması üçün lazımi işlər görüləndən sonra qayıdış olacaq”.

E.Məmmədov vurğulayıb ki, 2020-ci il Qələbə ili kimi tarixə düşüb, 2021-ci il isə Böyük Qayıdış ili olacaq.

“Prezidentimizin növbəti fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradıldı. Burada məqsəd dövlətimizə, hökümətimizə ümumxalq köməyidir ki, işlər sürətlə aparılsın, başa çatsın və qayıdış tez olsun. Allahın köməyi ilə hər şey Azərbaycan xalqının ürəyi istəyən kimi olacaq. Çünki biz bu gün qalibik. Bu qalibiyyətimizi bütün işğaldan azad olunmuş yurd-yuvalarımıza qayıtmaqla qeyd edəcəyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ   Qayıdış  






Xəbər lenti