“Kişi şəhid olar” deyib döyüşə girdi, arzusuna Cəbrayılda çatdı... - FOTOLAR

 “Kişi şəhid olar”  deyib döyüşə girdi, arzusuna Cəbrayılda çatdı... -  FOTOLAR
  18 Yanvar 2021    Oxunub:10625
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də Hacıqabul rayonunun Ələtli kənd sakini, 1990-cı il təvəllüdlü Turab Quliyevdir. O, oktyabrın 2-də Cəbrayıl istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik məqamına ucalıb.
Cəbrayıl fatehlərindən olan Turabla yanaşı onun qardaşı Fətali Quliyev də Vətən Müharibəsində iştirak edib.

Azvision.az-ın əməkdaşı ilə həmsöhbət olan Fətali qardaşının qəhrəmanlığından, keçdiyi şərəfli döyüş yolundan danışıb.

Onun sözlərinə görə, Turab orta təhsilini başa vurduqdan sonra 2008-ci ildə Daxili Qoşunların Qubada yerləşən hərbi hissəsində xidmətə başlayıb. Əsgərliyi başa çatandan sonra orada qalıb və 3 il xüsusi təyinatlı kimi xidmət edib. O, baş çavuş kimi xidməti dövründə nailiyyətləri ilə fərqlənib.



“Türkiyədə xüsusi təyinatlıların təlimlərinə yazılmışdı, lakin xidmət müddəti bitdikdən sonra müqaviləsini artırmadı, ona görə getmək qismət olmadı. Rayona gəldi, 1-2 il başqa işlərlə məşğul oldu. Lakin hərbidən uzaq qala bilmirdi, özü deyirdi ki, yenidən hərbiyə qayıtmaq istəyir. Aprel döyüşlərindən sonra həmlə taboru yaradılmışdı, ora getdi. Biz nə qədər dedik ki, Daxili Qoşunlarda öz işinə qayıt. Deyirdi ki, “istər Daxili Qoşunlarda olum, istərsə də burada. Mənim torpağımı məndən başqa kimsə gedib xilas etməyəcək”. Həmlə taboruna könüllü yazıldı və işə düzəldi. Orada işləyə-işləyə Xüsusi Təyinatlı Qüvvələrin gizirlik kursuna getdi, 40 gün kursda oldu. Lakin səhhətindəki problemə görə həkim müayinəsindən keçə bilmədi. Qolu çatlamışdı, ağciyərində soyuqdəymədən fəsadlar var idi. Daha sonra Həmrlə taborunda tağım komandirinin müavini kimi xidmətə davam etdi”.



Turab Vətən Müharibəsi başlayan gündən - sentyabrın 27-dən aktiv döyüşlərə qoşulub, torpaqlarımızın işğaldan azad edilməsində böyük şücaət göstərib.

“Turab Cəbrayıl istiqamətində vuruşub. Qızğın döyüşlər Füzuli, Cəbrayıl istiqamətlərində gedirdi. Çünki orada ermənilər 30 il ərzində möhkəm sədlər, istehkamlar qurmuşdular. Amma Ordumuzun igid əsgərləri o sədləri məhv etdilər.

Oktyabrın 2-də günorta saatlarında Turabla birlikdə 3 nəfər erməni postuna hücum edib. Posta girib, oranı darmadağın ediblər. Posta 2 qumbara, daha sonra blendaja da 2 qumbara atıblar. Səngərin üstündən sağ-solu qıra-qıra gediblər. Ermənilər qaçanda bunların 3 nəfər olduğunu biliblər. Amma əvvəl elə hesab ediblər ki, üzərilərinə tabor gəlib. Bizdən 3 nəfərin olduğunu biləndən sonra geri dönüb, onları güllə yağışına tutublar. Müdafiə olunmaq üçün geri çəkiliblər. Qardaşımın yanında bir nəfər əsgər, bir də gizir olub. Turab çiynindən yaralanıb, əlini hərəkət etdirə bilməyib. Döyüş yoldaşlarının dediyinə görə, Turab onları müdafiə edəcəyini və çıxmalarını deyib. Qardaşım son nəfəsinə qədər döyüşüb. Yaralı olmasına baxmayaraq, müdafiə edib, döyüş yoldaşları ərazidən çıxıb. Həmin yeri özü də tərk edib, 200 metr güllə yağışı altında neytralı sürünərək səngərə gəlib. Lakin səngərə 50 metr qalmış qanaxmadan şəhid olub. Səhəri hava açılanda onun şəhid olduğunu biliblər”.



Fətali qardaşı ilə sonuncu dəfə sentyabrın 28-də danışıb. Özü də könüllü olaraq döyüşlərə yollanmışdı ki, Turabın yanına gedib çıxsın:

“Mən də könüllü olaraq döyüşlərə qoşulmuşdum, Goran istiqamətində idim. Çalışırdım ki, qardaşımın yanına gedim, lakin qismət olmadı, gedib çata bilmədim. Turab evlə oktyabrın 1-də danışıb, halallaşıb. Evə deyib ki, “hər şeyə hazır olun, şəhid olacağam. Mənim üçün ağlamayın, başınızı uca tutun, mənimlə fəxr edin”. Oktyabrın 4-də mən şəhid olduğunu bildim. Onda məni təxris etdilər və evə qayıtdım. Oktyabrın 5-də Hacıqabulda Şəhidlər Xiyabınında dəfn etdik. Qardaşım döyüşlər başlamamışdan öncə də şəhid olacağını deyirdi. Bizim onunla fəxr edəcəyimizi söyləyirdi. Deyirdi ki, kişinin arzusu, istəyi şəhidlik olar. Qardaşım özünə şəhidlik arzulayırdı. Arzusuna da çatdı. O, bizim fəxrimizdir. Döyüş zamanı qardaşımla danışanda deyirdi ki, bura cənnətdir. Cənnət məkandır. O, cənnəti görüb şəhid oldu”.



Evin böyük oğlu olan Turab ailəli idi. Özündən sonra İnci adlı iki yaşlı qızı yadigar qalıb. Şəhidimizin yaxın vaxtlarda oğul övladı dünyaya gələcək. Qardaşı dünyaya gələcək körpəyə Turabın adını qoymaq istədiklərini deyib.

“Bizim babalarımız Turab və Fətali II Dünya müharibəsində şəhid olub. İkimiz də döyüşlərə getdik. Turab 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyində "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub. Fəxri fərmanları var. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub”.

"Kişi şəhid olar" deyib döyüşə yollanan Turab arzusuna Cəbrayılda çatdı. O, son damla qanına kimi qəhrəmancasına vuruşaraq, torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail oldu. Bu gün onun ruhu şaddır ki, uğrunda şəhid olduğu torpaqlarda üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır...















Aytən Zəhra
Azvision.az


Teqlər: Vətən-müharibəsi   Şəhid   Turab-Quliyev  





Xəbər lenti