39 il sonra eyni gündə: Prezidentin Şuşadan verdiyi tarixi mesajlar - ŞƏRH

 39 il sonra eyni gündə:  Prezidentin Şuşadan verdiyi tarixi mesajlar -  ŞƏRH
  16 Yanvar 2021    Oxunub:4289
Yanvarın 14-də Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər etdi. Ölkə başçısı səfər zamanı Şuşanın tarixi yerlərinə baş çəkdi, çıxışlar edərək mühüm mesajlar verdi.
"Azərbaycanı Şuşasız təsəvvür etmək mümkün deyil", - deyən Ali Baş Komandan səsləndirdiyi fikirlərdə Qarabağın gözü sayılan Şuşanın Azərbaycan xalqı, dövləti və tarixi üçün necə dəyərli və əhəmiyyətli olduğunu ifadə etdi.

Şuşa şəhərində üçrəngli bayrağımızı ucaldan ölkə başçısı hərbçilərlə görüşündə əvvəlcə Ordumuzun keçdiyi şərəfli qələbə yolundan danışdı.

"Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib", - deyən Prezident əminliklə bildirdi ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq. Hətta inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki müharibənin hər bir günü qələbə, zəfər günüdür.



Dünyanı heyrətə gətirən Şuşa əməliyyatı

Bu gün Şuşa döyüşləri dünyanın hərbi mərkəzlərinin araşdırma mövzusuna çevrilib. Azərbaycan ordusunun tətbiq etdiyi yeni döyüş taktikaları, şəxsi heyətin göstərdiyi qəhrəmanlıq sözün həqiqi mənasında tarixə həkk olunan müharibə səlnamələridir.

Müharibə başa çatandan sonra tanınmış xarici hərbi ekspertlər bildirirdilər ki, azərbaycanlılar PUA-ların gücünə irəliləmələri ilə bağlı şayiələri Şuşa döyüşlərində alt-üst etmiş oldular. Azərbaycanın xüsusi təyinatlıları güclü şəkildə qorunan strateji və yüksəklikdə yerləşən şəhərə heç bir artilleriya zərbəsi və ağır silahlardan istifadə etmədən daxil olub, əlbəyaxa döyüşlərlə düşməni məğlub ediblər. Bu cür taktiki gedişlər geniş şəkildə araşdırılmalı, hərbi dərsliklərin mövzusu olmalıdır.



Dəmir yumruq yerindədir!

Dövlət başçısının dediyi kimi, Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Bəlkə də bu səbəbdəndir ki, Ermənistanda hələ Şuşanın, bütövlükdə Qarabağın itirilməsini qəbullana bilməyən qüvvələr revanş xəyalları ilə yaşayır, 44 günlük ağır məğlubiyyətdən dərs çıxarmadıqlarını göstərirlər. Ali Baş Komandan çıxışında məhz bu məsələyə xüsusilə toxunaraq, düşmənə dəmir yumruğumuzun yerində olduğunu xatırlatdı.

"Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz", - ölkə başçısı Vətən Müharibəsindən sonra ilk dəfə səfər etdiyi Şuşadan düşmənə ciddi xəbərdarlıq etdi.

Cənab Prezident açıq şəkildə Ermənistana mesaj ünvanladı ki, onlar revanşizm ideyalarını zərrə qədər də ağıllarına gətirməsinlər. Əks təqdirdə revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Yaxşı olar ki, 44 günlük müharibəni unutmasınlar...



Vətən Müharibəsində tarix yazan igidlərimiz

Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar.

Ali Baş Komandan illər sonra ilk dəfə ayaq basdığı tarixi torpaqlarımızda "Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq", - deyərək bu tarixi anları yaşamağımızda Azərbaycan gəncilliyinin böyük rol oynadığını diqqətə çatdırdı:

"Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi"

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda uzun illər dövlətin yürütdüyü gənclər siyasətinin ana xətti vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəslin yetişməsi olub. Vətən Müharibəsində Ordumuzun şah damarı sayılan gənclər qəhrəmancasına vuruşaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib, bayrağımızı zirvələrə qaldırıblar.

Şuşanın əsl sahibinə qaytarılmasında Azərbaycanın qorxmaz, igid oğullarının böyük rolu olub. Bu bir reallıqdır ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridirlər. Artıq 17 ildir ki, müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın rəhbəridir və məhz daha çox bu illər ərzində yetişmiş insanlar torpaqlarımızın azadlığı uğrunda vuruşaraq, Vətən Müharibəsinin qəhrəmanlarına çevrildilər. Əlbəttə, orta nəslin nümayəndələrinin, təcrübəli zabitlərimizin də xidmətləri danılmazdır. Onların da qələbəmizdə böyük payı var.



Bu yumruq, həm gücdür, həm də birlik...

Azərbaycan xalqı bir yumruq kimi birləşərək düşməni torpaqlarımızdan iti qovan kimi qovdu. Bir vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın sərxoş halda yallı getdiyi Cıdır düzündə bu gün Ali Baş Komandanımız bütün dünyaya bəyan etdi ki, Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi ilə... Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.

Vətən Müharibəsində qələbəmizi şərtləndirən əsas və ən başlıca amillərdən biri milli birliyimiz idi. Bütün dünya 44 gün ərzində Azərbaycan xalqının, milyonlarla soydaşımızın necə həmrəy olduğunu gördü. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz liderinin ətrafında birləşdi. Qələbəmizin rəmzi dəmir yumruq oldu. Yumruq rəmz olaraq təsadüfən seçilmədi. Bu dəmir yumruq həm gücdür, həm də birlik. Necə deyərlər, birliyi olan ölkələr, iradəli olan liderlər qələbə qazanırlar. Ali Baş Komandan xaricdən gələn təzyiqlərə baxmayaraq, dünyaya sübut etdi ki, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyan Azərbaycan Prezidenti müharibənin gedişində bütün təzyiqlərə sinə gərərək əsl liderlik, mərdlik, yenilməz sərkərdəlik nümunəsi ortaya qoydu.



Ölkə başçısının səfərində ən incə məqam

Şuşaya səfər tarixi təsadüfi seçilməmişdi. Ölkə başçısı düz 39 ildən sonra eyni gündə Ulu Öndərin izi ilə Azərbaycan mədəniyyətinin paytaxtına yollandı

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyev Şuşaya 1982-ci ilin yanvarın 14-də səfər edib. Səfər çərçivəsində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin türbəsinin açılışı olub. Həmin səfərdə Ulu öndəri müşayiət edənlər arasında İlham Əliyev də olub.

Cənab İlham Əliyev bu dəfə Prezident kimi getdiyi Şuşada 39 il öncə Natəvan bulağının qarşısında çəkilmiş fotosunu nümayiş etdirərək tarixə qısa ekskursiya etdi: "Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm".



Xəyanətin qurbanı olmuş şəhər

28 ildən sonra düşmən tapdağından azad edilən Şuşa bu gün etibarlı əllərdədir. Qarabağın ürəyini Azərbaycan Ordusu göz-bəbəyi kimi qoruyur.

"Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın", - deyə Prezident tarixi şəhərimizin necə işğal edilməsi ilə bağlı tarixi faktları Azərbaycan xalqının diqqətinə çatdırdı. Bildirdi ki, şəhər heç də ermənilərin iddia etdiyi kimi “Dağlarda toy” adlı qurama əməliyyat nəticəsində deyil, 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində itirilmişdi.

Bununla bağlı dövlət başçısı söyləyib: "O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar”.

Bunlar düz 30 il öncə yaşanmış tarixi gerçəklikdir. 90-cı illərin əvvəllərində ölkədə baş qaldıran siyasi hərc-mərclik, xaos nəinki Şuşanın, bütövlükdə Qarabağın itirilməsi ilə nəticələndi. Hakimiyyətə gəlmək üçün Şuşanı düşmənə təslim edən antimilli ünsürlər qaçıb gizlənərək xəyanətə imza atmışdılar.



Artıq Şuşa öz sahibinə qaytarılıb. Orada Azərbaycan bayrağı qürurla dalğalanır, əsgərlərimiz işğaldan azad edilən torpaqlarımızın hər qarışını şərəflə qoruyur. Ali Baş Komandanın vurğuladığı kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb, indi prioritet məsələ azad olunan şəhər və rayonlarımızın yenidən qurulmasıdır. Bu istiqamətdə işlərə başlanılıb, tezliklə Qarabağımızın cənnətə çevriləcəyinə hər birimiz şahidlik edəcəyik.

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Prezident   Birlik   Dəmir-yumruq   AXC-Müsavat   Vətən-müharibəsi  





Xəbər lenti