“Xatirə kompleksi raket atəşinə məruz qalan ərazilərdə yaradılacaq”

“Xatirə kompleksi raket atəşinə məruz qalan ərazilərdə yaradılacaq”
  16 Yanvar 2021    Oxunub:1533
Hər günü, hər saatı qəhrəmanlıq səhifəsi olan Vətən müharibəsi qürurverici şanlı tariximizə çevrilib. İndi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə neçə illərdir ki, işğalda qalan, viranə qoyulan, qadağan olunmuş silahlarla dağıdılan şəhərlərimizdə, yurd yerlərimizdə tikinti-quruculuq, abadlıq işlərinə start verilib.
Milli Məclisin deputatı Naqif Həmzəyev Azvision.az-a deyib ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və şanlı ordumuzun qəhrəmanlığı ilə Vətən müharibəsi parlaq qələbəmizlə başa çatdıqdan, düşmən darmadağın edildikdən sonra müharibədən əziyyət çəkən insanların həyatının, sosial vəziyyətinin yaxşılaşması, quruculuq və bərpa işləri əsas vəzifə kimi önə çəkildi.

"Hər kəsə məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəyə dəymiş ümumi ziyanın miqdarı yüz milyarddan çoxdur. Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbir haqqında dövlət başçısının imzaladığı sərəncamlar, verdiyi qərarlar ölkə vətəndaşlarına olan sonsuz qayğının növbəti təzahürü oldu.

Prezidentimiz İlham Əliyev daim işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyasının hazırlanmasını günümüzün təxirəsalınmaz vəzifələri, prioriteti olaraq göstərib. Düşmənin açdığı atəş nəticəsində dağıdılmış evlərin qısa müddətdə bərpası bu mərhələdə öndə gələn əsas vəzifələrdən biridir".

N.Həmzəyev bildirib ki, 44 günlük müharibə dövründə döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üzləşən mənfur düşmən bunun əvəzini mülki əhalidən çıxmağa çalışdı: "İşğalçı Ermənistanın hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini intensiv artilleriya atəşinə məruz qoydu. Nəticədə, aralarında uşaqlar və qadınlar da olmaqla dinc sakinlər həlak oldu, həmçinin mülki infrastruktura, yaşayış evlərinə ciddi ziyan dəydi. Vətən müharibəsinin qaynar nöqtələrindən biri sərhəd bölgəsindən kilometrlərlə uzaqda yerləşən, dövlətin qayğısından güc alaraq müasir və yaraşıqlı şəhərə çevrilən Gəncə şəhəri olub. Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə qadağan olunmuş silahlarla atəşinə tutulub".

Deputat, həmçinin qeyd edib ki, Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib.

""Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir”, - deyən ölkə başçımızın göstərişi ilə Gəncə şəhərində də dağılmış çoxmənzilli evlərin ərazilərində təmizlik işlərinə start verilib, yaşayış evlərinin bərpası, vətəndaşların əmlakına dəyən ziyanın ödənilməsi istiqamətində fəal iş aparılır. Erməni vandallarının təcavüzkar siyasətinin qurbanı olan şəhidlərimizin əziz xatirəsini əbədiləşdirən xatirə kompleksi məhz raket atəşinə məruz qalan ərazilərdə yaradılacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vətən-müharibəsi  





Xəbər lenti