AzVision: Prezidentin Şuşa səfəri. Siyasət nə zaman ibadətə çevrilir - VIDEO

    AzVision:    Prezidentin Şuşa səfəri. Siyasət nə zaman ibadətə çevrilir -    VIDEO
  18 Yanvar 2021    Oxunub:12905
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük. Həftənin təhlili vaxtıdır. Bu gün aydınlıq gətirməyə çalışacağıq ki:

- Vaqif məqbərəsi Rusiyanın Qarabağ siyasətilə bağlı hansı tarixi-siyasi gerçəklikləri xatırladır?!
- Cıdır düzü lakmus kağızı kimi. Orada işğalçı ilə torpağın gerçək sahibinin mahiyyətləri necə açıldı.
- “Yeni Media” nədir və yaxın gələcəkdə hansı amil sosial şəbəkələrin zəif yerinə çevrilə bilər?




Son aylarda ölkənin xəbər məkanının bir əsas nyusmeykeri var – prezident İlham Əliyev. Bu həftə də elə oldu. Dövlət başçısının Şuşaya səfəri ölkə gündəminin əsas hadisəsinə çevrildi. Həm də ona görə ki, bu səfər incə nüanslar və rəmziliklərlə xeyli zəngin idi.
Əvvəla, səfərin tarixinə diqqət yetirin. Adətən Qarabağla bağlı atılan heç bir addım təsadüfi vaxtda olmur. Şuşa səfəri də istisna deyildi: o, həm Şuşanın azadlığının elan edilməsindən düz 65 gün sonra, həm də Şuşada Molla Pənah Vaqif məqbərəsinin açılmasının 39-cü ildönümündə baş tutdu. O məbədin ki, açılışında İlham Əliyev özü də iştirak etmişdi:
- Mən o günü çox yaxşı xatırlayıram. Mən təxminən orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar. Heç kimin ağlına gələ bilməzdi.

Molla Pənah Vaqif – Azərbaycan tarixində kifayət qədər maraqlı fiqurdur. O, həm gözəl qoşmalar yazan şairdir, həm də Qarabağ xanının vəziri; eyni zamanda həm ədəbiyyat, həm də dövlət adamı. Və Şuşada Vaqifin məqbərəsinin ucaldıldılması orada Azərbaycanın tarixən həm mənəvi, həm də siyasi mövcudluğunun vurğulanması idi. Bu, 82-ci ildə baş verib – həmin dövrdə ermənilər özlərinin Qarabağdakı varlıqlarını möhkəmlətmək və saxta keçmiş uydurmaq istiqamətində artıq sistemli iş aparırdılar. Vaqifin məqbərəsi isə hamıya xatırlatmalı idi ki, bu torpaqlarda vəzir kim olub, xan kim olub və onlar hansı işləri görüblər.
Qarabağ xanlığının həm də xarici siyasətinə rəhbərlik edən Vaqif Rusiya imperatriçası II Yekaterina ilə məktublaşırdı və nəticədə Yekaterinada ona qarşı rəğbət və hörmət də yaranmışdı. Bu fakt isə başqa məqamın haqqında düşünməyə vadar edir ki, Qarabağ adına Rusiya İmperiyası tarixən kiminlə təmasda olub. Bəli, bu gün Rusiya özünü Qarabağdakı erməni icmasının hamisi kimi aparır, amma 18-ci əsrdə vəziyyət tamam başqa idi; onda Qarabağ xanlığı ilə əlaqələr qurmaq üçün Rusiya imperatriçası onun vəzirilə yazışırdı, həmin torpağa köçürülmüş ermənilərlə yox. Bu mənada, Şuşadakı Vaqif məqbərəsi həm də Rusiya-Qarabağ əlaqələrinin keçmişini xatırladan siyasi abidədir.
Bundan başqa, Qacarın tələblərinə siyasi-poetik-diplomatik cavabları ilə tarixdə qalan Vaqif Şuşanın alınmazlığının da personlaşması idi. Bütün bunlar birlikdə Molla Pənahı Şuşa üçün vacib simvolik fiqura çevirirdi. Görünür, Ulu Öndər məhz bu amilləri nəzərə alaraq, Şuşada Vaqifin məqbərəsini ucaltdırmışdı. Eyni zamanda, ermənilər də buna görə Vaqifin izini Şuşadan silmək üçün xüsusilə çalışıblar. Çünki Şuşadakı məscidlərə “İran məscidləri” deyib, tarixi saxtalaşdıra bilərsən, amma Vaqifin məqbərəsinə nə deyəcəksən?! “Xumar-xumar baxan ala gozlərin gərəkdir vеrəsən can qabağında”,- yazan şəxsə axı heç cür “İran şairi” demək olmaz. Ona görə də, ermənilər Azərbaycanın məhz mədəni izlərini Qarabağdan silmək üçün xüsusi canfəşanlıq göstəriblər. Amma şairin diliə desək, “ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!”
Əlbəttə, Şuşanın köklü-köməcli Azərbaycan şəhəri olduğunu sübut edən abidə təkcə Vaqifin məqbərəsi deyildi. Ulu Öndər sanki bilirmiş ki, gələcəkdə bu abidələr təkcə mədəni-mənəvi səvət deyil, siyasi arqument kimi də çıxış edə bilərlər.

İlham Əliyev: - Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən.

Natəvan – Qarabağ xanlığını yaradan və Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsi, İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu idarəçisi Mehdiqulu xan Cavanşirin qızıdır. Yəni şəcərəsi və taleyi demək olar ki, Qarabağ xanlığının və Şuşanın bütün tarixini əks etdirən bir şəxsiyyətydir. Onun büstünü Şuşadan götürmək təkcə barbarlıq deyil, eyni zamanda, düşünülmüş və gələcəyə hesablanmış siyasi aktdır. Azərbaycanın mədəni-mənəvi izlərini Şuşadan silmək planının elementidir.
Ona görə də, dövlət başçımızın Şuşaya səfərilə Azərbaycanın mədəni və mənəvi ruhu da Şuşaya qayıtmış, yaxud, qaytarılmış oldu. Noyabrın 8-də biz coğrafi, hərbi və siyasi mənalarda Şuşaya dönmüşdük. Yanvarın 14-də isə mədəni və mənəvi mövcudluğumuz Şuşada bərqərar oldu. Dövlət başçımız əvvəlcə Şuşanı Azərbaycana, sonra Azərbaycanı Şuşaya qaytardı. Natavanın, Üzeyirin, Bülbülün büstləri təkcə maddi abidə deyillər. Onların da hərəsi özlüyündə bir bayraqdır. Biri Azərbaycan tarixinin, digəri musiqisinin, zəkasının bayrağı. O bayraqların Şuşa qalasına sancılması ilə onun mədəniyyətimizin paytaxtı statusu təsdiqləndi. Amma bu prosesdə gözdən qaçırılmamalı olan başqa bir nüans da var.

İlham Əliyev: - Müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq.

Demək, Ali Baş Komandan hər zaman bilib ki, biz Şuşaya, Şuşa bizə qayıdacağıq. Bunu həyatının missiyası sayıb hər zaman. Çoxları vaxtında anlayıb dərk etməsə də, bütün addımları Şuşaya doğru atılıb. Sonda həmin missiyanı yerinə yetirib. Bu, doğrudan xoşbəxtlikdir: Bir lider üçün də, bir xalq üçün də. Dünyada öz missiyasını bu cür şərəflə sona çatdıran liderlər də az olurlar, onları yetişdirən xalqlar da.

İlham Əliyev: - Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik.

Cənab prezidentin ailəsilə birlikdə Cıdır düzünə getməsi Qarabağın işğal və azadlıq tarixçəsinin bəlkə də ən mənalı, rəmzi səhnələrindən idi. Çünki vaxtilə Paşinyan da Cıdır düzünə gəlmişdi – içki içib, sərxoş halda yallı getməyə. Hay-küylü və iyrənc bir siyasi vakxanaliya təşkil etmişdi. Bizim folklorda buna “samanlıq toyu” deyirlər. Adətən erkən orta əsrlərdə barbarlar ələ keçirdikləri sivil şəhərlərdə belə rəqs edirdilər. Sanki Cıdır düzünün müqəddəsliyini murdarlayaraq, onu qorxduqları sakrallığından məhrum etməyə malışırdı ermənilər. Amma mistik bir mənzərə alınır: Elə bil, Cıdır düzünün özü onları qovub, rədd etdi, murdarlığı götürmədi. Bir səhər Azərbaycanın müzəffər lideri ailəsilə orada armudu stəkanda paxlava ilə çay içsin deyə. Bu detalların hamısı önəmlidir – o çay məhz armudu stəkanda içilməli idi, özü də məhz paxlava ilə. Çünki bunların hamısı elə Cıdır düzü kimi Azərbaycandır; Azərbaycan Azərbaycana qovuşanda isə ortada yad detallar olmamalıdır.
Paşinyana gəlincə, həyatın işinə baxın – hazırda erməni cəmiyyəti onun arvadının Moskvaya niyə, nə məqsədlə getməsi üzərində baş sındırmaqla məşğuldur.
Fikir verirsinizsə, cənab Prezident Qarabağla bağlı bütün işləri sanki bir ritual kimi həyata keçirir - Yüksək sayğı ilə, təfərrüatlara fikir verərək. Bütün bunlar onun üçün rəsmi tədbir yox, protokol da yox, sanki bir ayindir. Onun məscidə və kilsəyə necə getməsilə Cıdır düzündə necə səhər çayı içməsi arasında bir ruhi parallel də tapmaq olar bəlkə. İkisi də müqəddəs məkandırsa, niyə də olmasın?!
Nədir Şuşanı müqəddəs edən? Uğrunda axıdılan qanlar? Ulu Öndərin vəsiyyətimi? Digər böyüklərimizin ruhlarımı? Amillər çoxdur, amma vacib bir bir məqam var: Şuşa – bizim xalq olaraq qürurumuzun ən həssas nöqtəsi idi. Ermənilər həmişə bizim qürurumuzla oynamaq, ləyaqətimizə sataşmaq istəyəndə həmin nöqtədən vurudular. Və məhz Şuşanın alınması ilə Azərbaycanlı Şərəfi birdəfəlik bütün tənələrdən xilas oldu.

İlham Əliyev: - Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır.

Qarabağda hər yer müqəddəsdir – məscid də, kilsə də, Cıdır düzü də, İsa bulağı da. Kİlsə demişkən, ermənilərin “Kazançeçots” dediklləri Qazançı həmin o kilsədir ki, hərbi cinayətkar Araik Arutyunyan Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu deyəndə əvvəlcə gedib, orada şam yandırıb, sonra müraciət etmişdi. Məlum oldu ki, Qarabağda edilən erməni niyyəti qəbula keçmir, bu yerdə hətta kilsə və şam da acizdirlər.
Müharibə dövründə ermənilər məhz bu kilsənin guya Azərbaycan tərəfdən atəşə tutulması ilə bağlı hay-küy salmışdılar. İndi isə Azərbaycan prezidenti böyük sayğı ilə məscidlərimizlə yanaşı, həmin kilsəni də ziyarət etməklə erməni təbliğatının nə qədər yalan və uydurma olduğunu bütün dünyaya göstərir. Hər kəs gördü ki, Ağdamdakı, Zəngiləndakı, Qarabağın digər guşələrindəki məscidlərlə müqayisədə kilsə tamamilə əla vəziyyətdədir.
Dövlət başçımızın bir səfərində Qarabağın həm keçmişi, həm də gələcəyi birləşmişdi. Şuşanın təkcə keçmişi yox, bir vaxt ermənilərin onu məhrum etdikləri gələcəyi də özünə qaytarıldı. Bu gələcəyin izləri Füzulidə beynəlxalq hava limanının təməlinin qoyulmasında görünürdü: “Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.

Plan aydındır: Şuşanı təkcə Azərbaycanın yox, bütövlükdə Qafqazın ən gözəl və möhtəşəm turizm zonasına çevirmək. Bu, fərqli və özəl bir turizm mərkəzi olacaq – ora gələnlər təkcə füsünkar təbiət deyil, həm də tarix, mədəniyyət və unikal Azərbaycan ruhu görəcəklər. Şuşanın inkişafı sürətli və çox güclü gedəcək. Daha bir beynəlxalq hava limanının da Kəlbəcər və ya Laçında tikiləcəyinə nəzərə alsaq, bütövlükdə Qarabağ bir neçə ildən sonra regionun ən dinamik inkişaf edən bölgəsi olacaq. Bu isə artıq təkcə iqtisadiyyat və mədəniyyət məsələsi deyil, həm də sosial zəminli siyasi-iqtisadi məsələdir. Çünki Azərbaycanın idarəçiliyi altında sürətlə inkişaf edən Qarabağ faktı ermənilərin düşüncəsini sarsıdacaq və dəyişəcək. Onları reallığa və Azərbaycan amilinə ayıq başla, açıq gözlə baxıb, qiymət verməyə məcbur edəcək. “Böyük qayıdış”ı təkcə qaçqın və köçkünlərin yurd-yuvalarına qayıtmaları kimi qəbul etmək lazım deyil. Bu, Azərbaycanın Qarabağa qayıtması nəticəsində regionda yeni siyasi və iqtisadi reallığın yaranması kimi başa düşülməlidir.
Paralel olaraq isə bu həftə başqa sferada yeni reallığın yaradılması üçün addım atıldı. Söhbət Azərbaycan mediasından gedir. Vətən müharibəmiz onu göstərdi ki, döyüş meydanında düşməni əzmək üçün müasir orduya ehtiyac olduğu kimi, informasiya savaşından qalib çıxmaq üçün də müasir mediaya sahib olmaq vacibdir. Bəs nədir “müasir media” və ona doğru necə getmək lazımdır? Həftənin digər önəmli və maraqlı mövzusu məhz bu idi.
***
Dövlət başçımız bu həftə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamaqla kütləvi informasiya vasitələrinin inkişafında yeni mərhələyə start verdi. Sənəddən aydın olur ki, bu, medianın fərqli keyfiyyət səviyyəsinə keçidə təkan olmalıdır. Azərbaycan mediası bütün formaları ilə dünyadakı müasir trendlərlə ayaqlaşmalıdır. Bu prosesə dəstək vermək üçün əvvəlki KİVDF-nin yerində “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı.
Hazırda Azərbaycan mediasının vəziyyətini birmənalı qiymətləndirmək çətindir - bəzi istiqamətlərdə yaxşı dinamika var, bəzilərində geri qalırıq. Halbuki, medianın bütün cinahlarının tarazlı inkişafı təmin olunmalıdır. Bunun üçün ölkədə medianın inkişafı ilə bağlı strategiya hazırlanmalıdır.
***

Ümumiyyətlə, dövlətlə medianın münasibətləri necə qurulmalıdır? Bu sualın birmənalı və qəti cavabı yoxdur. Çünki hər ölkənin öz modeli, öz yolu var. Nəzəriyyələr isə qismən köhnəliblər və heç biri yeni reallıqları tam əhatə etmir. Misal üçün, bu gün hələ öyrənilsə də, “medianın sosial məsuliyyət nəzəriyyəsi” 40-cı illərdə yaranıb. 1956-cı ildə amerikalı 3 sosioloq – Sibert, Peterson və Şramm “Four theories of the press” – “Mətbuatın 4 nəzəriyyəsi” adlı fundamental, bu gün klassika sayılan kitabı yazırlar. Orada dövlət-media münasibətlərinin 4 növü göstərilirdi: Avtoritar, Libertarian, Sosial və sovet modelləri. Bu nəzəriyyənin yenilənmiş modeli isə 2004-cü ildə Daniel Hallin və Paolo Mançininin “Müqayisəli media sistemləri. Media və siyasətin 3 modeli” adlı kitabında əks olunur. Onlar bir-birindən fərqlənən 3 model göstərirdilər: Aralıq hövzəsi, Şimali Avropa və Şimali Atlantika modelləri. Bu regionların hər birində media-dövlət, media-siyaət və media-cəmiyyət münasibətlərinin digərlərindən fərqlənən spesifik cəhətləri var. Məsələn, Şimalı Avropa modelində siyasi plüralizm çox geniş yayılıb, amma dövlətin mediaya dəstəyi minimaldır, Aralıq hövzəsi modelində əksinə. Birində fikir jurnalistikası daha geniş yayılıb, digərində fakt jurnalistikası. Birində - məsələn, Şimali Atlantika modelində,- media sırf kommersiya xarakterlidir və reklam bazarından asılıdır, digərində - Aralıq hövzəsində,- yox. İdeal model nədir, bunların hansını hansı nisbətdə götürmək lazımdır ki, Azərbaycan mediası düzgün və lazımlı istiqamətdə gedə bilsin? Bu, əlbəttə əsla sadə sual deyil. Əslində hansısa modeli süni şəkildə tətbiq etmək də doğru olmazdı, optimal variant milli medianın özünün ekosistemində öz yolunu taparaq, inkişaf etməsinə imkan yaratmaqdır. Bunun üçün əsas iş sağlam media ekosistemi qurmaq olmalıdır ki, yəqin, Medianın İnkişafı Agentliyi də məhz bu yöndə quracaq işini.
Müasir dünyada medianın inkişafında danışanda son vaxtlar “yeni media” və “strateji kommunikasiyalar” terminlərindən daha çox istifadə olunur. Bu, nə deməkdir? Biz 21-ci əsrdə imiclər, obrazlar dünyasında yaşayırıq. Dövlətlərin, liderlərin, siyasətçilərin, müxtəlif qurumların cəmiyyətlə uzunmüddətli, dayanıqlı münasibətlər qurmaq ehtiyacı var. Yeni dünyada ölkələrin sabit inkişafı böyük dərəcədə həm də bundan asılıdır. Bu mühitdə strateji kommunikasiyalar dövlətin həm daxili, həm də xarici siyasətinin uğur qazanmasına ciddi təsir edən “yumşaq güc”ə çevrilir. Yeni media - elə bir mediadır ki, onun mühitində strateji kommunikasiyalar uğurla inkişaf edə bilsinlər. Demək, indiki dövrdə medianın inkişafından danışanda həm də bunu nəzərdə tutmaq lazımdır - strateji kommunikasiyaların effektiv işləyə biləcəyi multiplatformalı informasiya mühiti. Bizdə çox vaxt müzakirələr yanlış istiqamətdə aparılır: “Saytların inkişafı qəzetləri sıradan çıxaracaqmı”, “Sosial medianın inkişafı saytları kənara sıxışdıracaqmı” və sair və ilaxır. Başa düşmək lazımdır ki, bu söhbətlər həmişə olub və heç nə heç nəyi sıxışdırmayıb. Hər bir platforma öz yerini taparaq, öz seqmentində möhkəmlənib.
***
Hər dəfə təzə ay çıxanda insanlar köhnəni doğrayıb, ulduz etməyə tələsiblər. Kino yarananda onun teatrı, televiziyanın radionu, saytların qəzetləri, sosial medianın saytları “öldürəcəyi” deyilib, amma bunların heç biri doğrulmayıb. Əksinə, media bazarı platformalara uyğun seqmentlərə bölünüb və hərə öz yerini tutub.
Əgər platforma ilə janr arasında düzgün uyğunluq seçilərsə, hər format öz yolunda inkişaf edə bilər. Azərbaycanda bu şərt pozulur. Misal üçün, saytlar xəbər oxumaq üçün ideal format olsa da, irihəcmli janrlar – məqalə, publisistika, oçerk, araşdırma, təhlil üçün qəzet daha yaxşıdır. Siz divanda əyləşib, qabağında bir stəkan çay, əlindəki telefondan yarım saat publisistika, yaxud, oçerk oxuyan insan təsəvvür edə bilməzsiniz. Ekran ancaq qısa janrları tələb edir və əksinə. Azərbaycan mediasında “long-read” janrlara getdikcə daha az rast gəlinməsi qəzetlərin zəifləməsilə bağlıdır. Qapalı dairə yaranıb: Qəzetlər oxunmadığı üçün ciddi janrlar sıradan şıxır, ciddi janrlar sıradan çıxdığı üçün qəzetlər oxunmur.
Sosal mediaya gəlincə isə, başa düşmək lazımdır ki, orada əsasən emosiyalara xitab edən məzmun və formalar çiçəklənirlər. Təkcə emosiyaların üzərində isə mətbuat qurulmaz; çünki mətbuat hisslərdən çox, düşüncələrə xitab etməlidir.
***

Sosial şəbəkərdən danışanda nəzərə almaq lazımdır ki, artıq bugünkü formatda onun da günəşi zeniti keçib və yavaş-yavaş qüruba doğru əyilməkdədir. “Bugünkü format” dediyimiz 2010-2015-ci illər arasında formalaşmış strategiya və alqoritmlərdir – onlar özlərini tükədiblər. Əlbəttə, inandırıcı səslənməyə bilər, çünki elə məsələn, feysbuk bu gün nəhəng bir imperiyadır, tezliklə özünün pul vahidini də buraxacaq... Amma bunu mən demirəm, “Telegram”ın yaradıcısı, əvvəllər isə “vkontakte” sosial şəbəkəsini qurmuş, demək, sosial şəbəkənin nə olduğunu, necə işlədiyini hamımızdan daha yaxşı bilən Pavel Durov deyir.
Bu, çox maraqlı məsələdir, gəlin onun mahiyyətinə varmağa çalışaq.
Bu həftə cəmi 72 saat ərzində “Telegram”ın istifadəçilərinin sayı 25 milyon nəfər artararaq, 500 milyona çatdı. Aydın məsələdir ki, bu gedişlə tezliklə “Telegram” “Facebook”u geridə qoyacaq. Nədir “Telegram”ı bu qədər populyar, hətta “Feysbuk”dan daha üstün edən?! Alqoritmlər. Feysbukda məhz alqoritmlər müəyyən edirlər ki, siz öz lentinizdə nəyi görürsünüz, nəyi yox. Yəni qərarı siz vermirsiniz, siz – manipulyasiya obyektisiniz. Tez-tez rastlaşdığımız haldır feysbukda nöqtə-vergül yalvarışları. Amma mənası yoxdur. Feysbukun alqoritmləri məxfidir, onların necə işlədiyini heç kim bilmir və bu, indiyə qədər onun gücü idisə, indi əksinə, zəif yerinə çevrilir. “Telegram”ın alqoritmləri açıqdır və onun uğurundan belə görünür ki, gələcək məhz açıq alqoritmlərə məxsusdur. Haqqında danışdığımız texniki məsələ bir qırağa, sosial şəbəkələrlə bağlı xeyli etik və hüquqi suallar da üzə çıxır ki, onlar yığışdıqca cavablandırmaq getdikcə daha çətin olur. Əvvəl sual belə qoyulurdusa ki, sosial şəəkələr təmnzimlənməlidirmi, indi həm də soruşuruq ki, sosial şəbəkə özü istifadəçilərin işinə müdaxilə etməlidirmi və etməlidirsə, necə?
Biz bu suallara cavab axtardıqca yəqin ki, həmin bazarda da reallıq dəyişəcək, yeni oyunçular qabağa çıxacaqlar. Ona görə, prosesləri izləmək və imkan daxilində təhlil etmək vacibdir. Biz də sizin üçün bunu etməyə çalışırıq. Növbəti AzVisionda görüşərik. Möhkəm olun!


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti