“Vaksinasiya uğurlu olsa, pandemiya aprelə kimi lokallaşdırıla bilər”

“Vaksinasiya uğurlu olsa, pandemiya aprelə kimi lokallaşdırıla bilər”
  18 Yanvar 2021    Oxunub:1393
Bu gündən etibarən sərt karantin rejimi mərhələli şəkildə yumşalacaq. Həmçinin, Azərbaycan vaksinasiya prosesinə başlayır.
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, əksər aparıcı ölkələrdə də vaksinasiyaya start verilir.

"Bununla belə, hələlik qlobal pandemiyanın davam etmə müddəti ilə bağlı proqnozlar çox da nikbin deyil. Amma vaksinasiya uğurlu olarsa, o zaman pandemiya aprel ayınadək lokallaşdırıla bilər. Ölkəmizdə yumşalmadan sonra yenidən sərt karantin rejiminə qayıtmamağımız hər birimizin qaydalara əməl etməyindən asılı olacaq. Bir sıra Mərkəzi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyanın lokallaşmasında qaydalara əməl etmə səviyyəsi aparıcı faktorlardandır".

V.Bayramov qeyd edib ki, sərt karantinin yenidən tətbiq edilməməsi iqtisadi baxımdan da vacibdir:

"Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Nəzərə almaq lazımdır ki, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Bu baxımdan, həm sağlamlığımızı qorumaq, həm də iqtisadi təsirlər baxımdan qaydalara əməl edərək pandemiyanın lokallaşdırılmasına töhvə verməyimizə ehtiyac var".

Azvision.az


Teqlər: Pandemiya   Ekspert  





Xəbər lenti