Naxçıvanda tibbi sığorta ilə 5826 cərrahi əməliyyat aparılıb

Naxçıvanda tibbi sığorta ilə 5826 cərrahi əməliyyat aparılıb
  18 Yanvar 2021    Oxunub:1433
Ötən il muxtar respublikada sığortahaqqı ödənilmədən icbari tibbi sığortadan istifadə edən sığortaolunanların müraciəti əsasında 11 mindən çox təcili tibbi yardım xidməti, 5 min 826 cərrahi əməliyyat, 12 mindən çox stasionar tibbi xidmət və digər xidmətlər göstərilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində keçirilən iclasda qeyd olunub.

İclasda çıxış edən agentliyin direktoru Samiq Sadıxov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 dekabr tarixli müvafiq Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə çevrilib. Fərmanın icrasından irəli gələn məsələlərin həlli üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş müvafiq qərara əsasən agentliyin strukturunda zəruri istiqamətlər üzrə əlavə və dəyişikliklər edilib. Bu da, öz növbəsində, agentlikdə idarəetmənin təkmilləşdirilməsinə, həmçinin tibb müəssisələri və sığortaolunanlarla qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə müsbət təsir göstərib.

Qeyd edilib ki, ötən il icbari tibbi sığortanın əhatə etdiyi tibb müəssisələri ilə qarşılıqlı fəaliyyət göstərilərək 8 rayon və 9 respublika əhəmiyyətli olmaqla, ümumilikdə, 17 tibb müəssisəsi ilə müvafiq qanunvericilik aktlarına uyğun müqavilə bağlanılıb.

Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq vətəndaşların maarifləndirilməsi məqsədilə, ümumilikdə, 109 inzibati ərazi dairəsi üzrə 4 min nəfərə yaxın vətəndaşın iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.

Sonda çıxışlar dinlənilib.

Azvision.az


Teqlər: Naxçıvan   Sığorta  





Xəbər lenti