“Ölkəmizə ən keyfiyyətli vaksinlər gətirilib” - Komitə sədri

 “Ölkəmizə ən keyfiyyətli vaksinlər gətirilib” -  Komitə sədri
  19 Yanvar 2021    Oxunub:1133
“Ötən ilin fevral-mart aylarından başlayaraq Azərbaycan koronavirusla mübarizədə hər zaman öndə olub və dünyanın ən mütərəqqi mübarizə üsullarından istifadə edib. Koronavirusla mübarizədə ən effektiv vasitə vaksinasiyadır. Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələr sırasındadır”
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın aldığı vaksin ən keyfiyyətli vaksinlərdəndir.

"Vaksinin keyfiyyəti bir neçə parametrlə ölçülür. Bunlar vaksinin təhlükəsizliyi, effektivliyi və əlçatanlığı, daşınmasının və saxlanmasının rahat olmasıdır. 2 milyon insanın birinci mərhələdə peyvənd olunması gözlənilir. Ölkəmizə 4 milyon doza vaksin gətirilib. Proses Azərbaycanda hazırlanan vaksinasiya strategiyasına uyğun olaraq həyata keçirilir. Hələlik hər şey normal qaydada gedir. İlkin növbədə tibb işçiləri peyvənd olunur. Daha sonra polislər və əhali ilə sıx təmasda olan şəxslər, 65 yaşdan yuxarı olanlar peyvənd ediləcək".

Komitə sədri vurğulayıb ki, iki ay müddətində vaksinasiyanın birinci mərhələsi yekunlaşacaq: "İkinci mərhələdə digər insanlar peyvənd olunacaq. Proses yaxşı gedir, hazırlıq işləri yüksək səviyyədə görülüb. Vaksinasiya bizim üçün yeni deyil. Uşaq vaxtından peyvənd olunmuşuq. Vaksinasiya ən ağır epidemiyaların qarşısını almaq üçün effektiv vasitəsidir. Hər kəs öz növbəsini gözləyir. Ümid edirəm ki, hər bir Azərbaycan vətəndaşı vaksiyasiyanın gərəkli, təhlükəsiz və epidemiyadan qurtulmaq üçün yeganə vasitə olduğunu dərk edir".

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya başlanılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksin  





Xəbər lenti