Köhnə avtomobillər utilizasiya olunacaq - Proqram hazırlandı

 Köhnə avtomobillər utilizasiya olunacaq -  Proqram hazırlandı
  19 Yanvar 2021    Oxunub:3196
Köhnə avtomobillərin utilizasiyası ilə bağlı müvafiq qurumlar tərəfindən proqram hazırlanıb. Artıq proqram razılaşdırma prosesinin son mərhələsindədir
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. O bildirib ki, utilizasiya proqramı işə düşdükdən sonra artıq  avtomobil parkının yenilənməsi istiqamətində nəzərəçarpacaq nailiyyətlər əldə ediləcək.

R.Səttərzadə qeyd edib ki, "Yol hərəkəti təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramı"nda köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub.

“20 il bundan əvvəl atmosfer havasının çirklənməsində əsas rolu stasionar müəssisələr,  məsələn, sənaye müəssisələri, fabriklər, zavodlar oynayırdı. İndi isə atmosfer havasının çirklənməsinin əsas səbəbi nəqliyyat vasitələridir. Bu da son illərdə sənayenin güclü inkişafı ilə bağlıdır. Sənayenin inkişafı, rifahın yaxşılaşması maşınların sayının artmasına gətirib çıxarıb. Avtomobillərin sayı illər keçdikcə dəfələrlə artır”.

R.Səttərzadə qeyd edib ki, Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir: “Avtoparkın təxminən 80 faizi buraxılış ilindən 10 il keçmiş, beşdə biri yaşı 30 ildən çox olan avtomobillərdir. Sözsüz ki, köhnə avtomobillər ətraf mühitə daha çox zərər verir, onlarda zəhərli maddələrin miqdarı yeni avtomobillərdən çox olur. Bütün bunlar atmosfer havasının çirklənməsinə gətirib çıxarır. Bunun aradan qaldırılma yollarından biri də avtoparkın yenilənməsidir. Köhnə avtomobillərin istehlakı sahəsinin yavaş-yavaş azaldılması sahəsində işlər görülməlidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti