20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada anılıb

  19 Yanvar 2021    Oxunub : 1752
20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada anılıb
Azərbaycanın İtaliyadakı səfirliyinin və Azərbaycan İtaliya Birliyinin birgə təşkilatçılığı ilə Romada 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilib.
Azvision.az xəbər verir ki, videoformatda keçirilmiş və Azərbaycan-İtaliya Birliyinin “Facebook” səhifəsindən canlı olaraq yayımlanmış tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Roma Sapienza Universitetinin dosenti Daniel Pommier Vincelli, araşdırmaçı jurnalist Domeniko Letisiya, Azərbaycan İtaliya Birliyinin vitse-prezidenti Cuzeppe Kaniliya çıxış ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək ölkəmizin istiqlaliyyəti uğrunda mübarizənin rəmzi olan 20 Yanvar faciəsinə səbəb olan hadisələr və bu faciənin acı nəticələri haqqında danışıb. Diplomat faciə ilə bağlı informasiya blokadasının yarılması, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və faciəyə layiqli siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri haqqında məlumat verib. 20 Yanvar faciəsinin Azərbaycanın milli kimliyinin formalaşmasına göstərdiyi həlledici təsirdən, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından, məhz bu faciədən sonra milli azadlıq hərəkatının tam siyasi reallığa çevrilməsindən və Azərbaycan xalqının öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməsindən danışıb.

Diplomat Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illər ərzində üzləşdiyi faciələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün acı nəticələri barədə də məlumat verib, ötən illərdən fərqli olaraq bu il 20 Yanvar şəhidlərimizi tamam fərqli bir vəziyyətdə yad etdiyimizi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımızı işğaldan azad etdiyini, Qarabağ həsrətimizə son qoyulduğunu və üçrəngli bayrağımızın Şuşa şəhərində ucaldıldığını bildirib. Sonda diplomat vurğulayıb ki, Vətənin müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu şaddır, çünki onların qanı yerdə qalmayıb.

Tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsi və onun Azərbaycandakı siyasi vəziyyətə və ölkənin dövlət müstəqilliyinin bərpasına göstərdiyi təsir, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın müstəqillik illərində keçdiyi yol, ölkəmizin sosial-iqtisadi inkişafı, regional və beynəlxalq əməkdaşlığın təşviqində rolu, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, Azərbaycanın multikulturalizm modelinin dünya üçün nümunə olması, 30 ilə yaxın müddətdən sonra nəhayət Azərbaycan torpaqlarının işğaldan azad olunması və bunun bölgədə yeni tarixi mərhələnin başlanğıcı olması barədə danışıblar.

Sonda Qanlı Yanvar faciəsinə dair sənədli film nümayiş olunub.

Azvision.az

Teqlər: İtaliya   20-yanvar