Məktəbdaxili qiymətləndirmənin aparılma qaydası təsdiqləndi

Məktəbdaxili qiymətləndirmənin aparılma qaydası təsdiqləndi
  20 Yanvar 2021    Oxunub:2459
Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, qayda xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində summativ qiymətləndirmənin aparılması və yarımillik qiymətlərin hesablanması məsələlərini tənzimləyir.

Qaydaya əsasən II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılır. Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunur və sinif jurnalında müvafiq qaydada yazılır.

Qaydaya görə, üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanın həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə, sürətli internet bağlantısı və ya internetə çıxışı olmadıqda, texniki imkanları məhdud olduqda) iştirak edə bilmədikdə, müvafiq qiymətləndirmə günündən sonra növbəti 1 (bir) ay müddətində onun üçün summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tələblər gözlənilməklə şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur. Qeyd olunan müddətdə təhsilalan qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə qiymətləndirmə üzrə balı “0” qəbul olunur.

Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən şagirdin əyani formada qiymətləndirmədə iştirakı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər” nəzərə alınaraq təmin olunmalıdır.

Distant formada summativ qiymətləndirmənin təşkili zamanı “Microsoft Teams” ilə yanaşı, “Zoom”, “WhatsApp”, “Skype” və s. digər elektron tətbiqlərdən istifadə oluna bilər.

2020-2021-ci tədris ilinin II yarımilində tədrisin və təlim-tərbiyənin distant (məsafədən) və ya əyani formada təşkil olunmasından asılı olmayaraq, diaqnostik və formativ qiymətləndirmələr də təşkil olunmalıdır.

“Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində qüvvədədir.

Azvision.az



Teqlər: Məktəb  





Xəbər lenti