Azərbaycanda qarlı hava neçə gün davam edəcək?

 Azərbaycanda qarlı hava neçə gün davam edəcək?
  21 Yanvar 2021    Oxunub:2197
Ölkə ərazisindən Aralıq dənizi siklonunun keçməsi nəticəsində soyuq yağıntılı qarlı hava hökm sürür. Yağan qar hətta aran rayonlarında qar örtüyünün əmələ gəlməsinə səbəb olub.
Azvision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, Salyanda 6 sm, Neftçala 1 sm. Ən çox qar örtüyü isə Şarıbaşda (Qax) 45 sm, Ağdərədə (Ordubad) 27 sm, Şamaxıda 25 sm, Daşkəsəndə 22 sm, Şərurda 20 sm, Kişçay (Şəki), Gədəbəy, Qusarda 18 sm, Qəbələ, Şəki, Altıağacda 17 sm, Lerikdə 14 sm olub. Göygöldə, Kəlvəz, Şahbuzda, Quba, Qrızda, Yardımlıda, Naxçıvan, Sədərək, Mərəzədə, Xaçmaz, Xaltanda, Şahdağda, Oğuzda, Astarada 1sm-dən -13 sm -dək olub.

U.Tağıyeva qeyd edib ki, bəzi rayonlarda və Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı yarım aylıq normaya bərabər olub.

"Havanın temperaturu iqlim normasından 2 dərəcə aşağı enib, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-yə yaxın, aran rayonlarında 0-2 dərəcə şaxta, dağlıq rayonlarda 11 -14 dərəcə, yüsək dağlıq ərazilərdə 20 dərəcəyədək, Naxçıvan MR-da 11 dərəcə şaxta olub. Artıq bu gün siklon ölkəmizi tədricən tərk edəcək, belə ki qərb rayonlarında yağıntılar günün birinci yarısında, şərq rayonlarında isə axşam kəsiləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti