Bahar Muradova iordaniyalı səfirlə görüşüb

  21 Yanvar 2021    Oxunub : 1292
Bahar Muradova iordaniyalı səfirlə görüşüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Ğoşehlə görüşüb.
Komitənin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, qonağı salamlayan Bahar Muradova, görüş təşəbbüsünə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında əməkdaşlığın tarixi köklərə malik olduğunu vurğulayan Komitə sədri, bu münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini və ölkələri təmsil edən qurumlar arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanlar yaratdığını bildirib.

Görüş zamanı Azərbaycanın tarixi zəfəri barədə danışan Bahar Muradova istər Qoşulmama Hərəkatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Vətən müharibəsinin getdiyi 44 gün ərzində sərgilədiyi mövqenin müharibədən sonrakı quruculuq dönəmində də davam edəcəyinə ümid etdiyini və dostluq münasibətlərimizin mövcud problemlərin həll edilməsində də mühüm rol oynayacağına inamını ifadə edib.

Səfir Sami Asem Ğoşeh səmimi qəbul üçün Komitə sədrinə minnətdarlığını bildirib. O, Heydər Əliyev və İordaniya lideri mərhum Kral Hüseynin xalqlarımız arasında dostluğun əsasını qoyduğunu, bu gün dövlət başçıları İlham Əliyev və İordaniya kralı II Abdullahın ibn Hüseyn al Haşim arasındakı səmimi qardaşlıq münasibətləri sayəsində bu əlaqələrin daha da möhkəmləndiyini qeyd edib. Səfir Azərbaycanla İordaniya arasında dostluq-qardaşlıq münasibətlərinin eyni adət-ənənələr və islami dəyərlərə söykəndiyini, ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi ailə, qadın və uşaq məsələləri sahəsində də daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Komitənin bu sahədə həyata keçirdiyi layihələri nümunə kimi qiymətləndirən cənab Ğoşeh, növbəti illərdə Azərbaycanla birgə tədbirlərin keçirilməsində maraqlı olduqlarını əlavə edib.

Görüşdə səfirliyin nümayəndəsi Nemət Ağalı və Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova da iştirak edib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Azvision.az

Teqlər: Bahar-Muradova   İordaniya