Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, federasiya rəhbərliyi hazırlığı gücləndirmək məqsədilə aşağı yaşlı seçmə komandanın məşqçilər heyətinə yüksək titullu mütəxəssislər cəlb etməyi qərara alıb. İdmançı karyerasını başa vuran milli komandanın keçmiş üzvləri Şahin Atamov 14-15 yaşlı yeniyetmələrə böyük məşqçi, Niyazi Əliyev isə məşqçi təyin ediliblər. Təyinatla bağlı keçirilən görüşdə federasiyanın prezidenti Yaşar Bəşirov, milli komandanın baş məşqçisi Qurban Tağıyev və böyük məşqçi Şahin Xudaverdiyev Azərbaycan karatesinə nüfuz qazandıran tanınmış idmançıların təcrübəsinin gənc nəslə faydalı olacağını bildiriblər.
Yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin 16-21 yaşadək gənclər üzrə seçmə komandalarda köməkçiləri isə böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev olacaq.
Yeniyetmə və gənclər seçmə komandalarını mayda Kiprdə, iyulda Xorvatiyada, sentyabrda Türkiyədə və dekabrda İtaliyada Karate1 Gənclər Liqası, avqustda isə Finlandiyada Avropa çempionatı gözləyir. Yeni məşqçi təyinatları, həmçinin aşağı yaşlı idmançıların qarşıdakı Gənclərin Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır.
Azvision.az