Fəlsəfə doktoru imtahanı verəcək iddiaçıların nəzərinə!

Fəlsəfə doktoru imtahanı verəcək iddiaçıların nəzərinə!
  23 Yanvar 2021    Oxunub:2236
Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura (hərbi təhsil müəssisələrində - adyunktura) yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 2020-ci il 29 sentyabr tarixli qərarı ilə “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası” təsdiq edilib və fəlsəfə doktoru imtahanları 2021-ci ilin yanvar ayından etibarən “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq təşkil edilməlidir.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, qaydaya əsasən, fəlsəfə doktoru imtahanları aşağıdakı fənlər üzrə verilir:

- iddia olunan ixtisas fənni (dissertasiya iki ixtisas üzrə hazırlandığı halda həmin ixtisas fənlərinin hər birindən);

- xarici dil (ingilis, alman və ya fransız dillərindən biri);

- Azərbaycan dili (əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün).

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.

Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı DİM tərəfindən keçirilir. Xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının məzmunu, imtahanın keçirilmə qaydası, nəticələrinin qiymətləndirilməsi meyarları və keçid balı komissiya ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na müvafiq olaraq doktoranturaya qəbul zamanı xarici dil imtahanından müəyyən edilən keçid balını toplamış iddiaçılar dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar. Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi komissiya tərəfindən müəyyənləşdirilir.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, doktorantura ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı formasıdır və elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı DİM tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

Qəbul imtahanında xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib–anlama və yazı bacarıqları, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişləri, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsi yoxlanılıb qiymətləndirilir. Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən bu qaydada qəbul imtahanı verirlər.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının da həmin fəndən doktoranturaya qəbul imtahanı ilə təxminən eyni məzmun və strukturda keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, imtahanlar haqqında ətraflı məlumatla DİM-in saytında tanış olmaq olar.

Azvision.az


Teqlər: DİM   Müraciət  





Xəbər lenti