“Dəmir Yumruq” kitabı çapdan çıxdı
“Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı aparılan danışıqlar dalana dirənmişdi. Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrin Azərbaycana qarşı təxribatları artırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Şuşaya mütəmadi gəlişləri, Azərbaycanın qədim şəhərində yallı oynaması, Dağlıq Qarabağ “prezidentinin andiçmə mərasimini” Şuşada keçirməsi və separatçıların parlamentini də qədim şəhərimizə köçürməsini bəyan etməsi müharibənin qaçılmaz olduğunu göstərirdi. Ermənistan silahlı qüvvələrinin iyul ayında törətdiyi təxribat səbir kasamızı daşıran son damla oldu”.
Kitabda müharibənin başlanması səbəbləri, müharibə günlərində aparılan danışıqlar və bunların nəticələri, o cümlədən böyük dövlətlərin (Türkiyə, Rusiya, İran və Fransa) prosesə təsiri analiz edilib. Kitabda 10 noyabrda baş verən bir sıra diqqət çəkən hadisələr də araşdırılıb. Müəllif müharibə günlərində ABŞ səfirliyinin Bakıda terror xəbərdarlığının nəyə əsaslanması və digər sualları da araşdırıb. Rəsmi Bakı Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsindən imtina edə bilərdimi və imtina edərdisə hansı nəticə ilə üzləşərdi? Müəllif kitabda bu və digər suallara da cavab tapmağa çalışıb.
Elxan Şahinoğlunun “Dəmir Yumruq” kitabını “Elmlər Akademiyası” metrostansiyası ilə üzbəüz “Libraff” kitab mağazasında (Hüseyn Cavid parkının yanı) əldə etmək mümkündür. Kitab pulsuzdur. İstənilən oxucu “Dəmir Yumruq” kitabını mağazaya yaxınlaşaraq heç bir ödəmə etmədən götürə bilər.
Azvision.az
Teqlər: Kitab Dəmir-Yumruq Çap