Onda belə deyildin...

Onda belə deyildin...
  26 Mart 2013    Oxunub:1658
Dilman Şahmərdanlı

Onda sən belə deyildin. Onda sən mənim gözümün işığı, başımın tacı, ucalığı, fəxrim idin. Sən yadıma düşərkən gözlərim sevinclə parıldayar, üzümə nur çilənərdi. İndi yadıma düşəndə çöhrəm tutulur...
Onda sən mənimlə necə şən danışırdın, necə mehriban idin! Sən danışanda ürəyim açılırdı, ağrı-acını unudurdum. İşdir, hirsli, hikkəli olsa idim, sənin mənə verdiyin səbirli cavablardan utanar, sakitləşərdim, bir andaca içimi çulğamış tufanlar yat-yut olardı. Amma indi, səni görməklə qəzəbim daha da artır. Qarşımdakı yorğun, əzgin, pinti bir çöhrə, qaş-qabaq sallamış... danışıram, cavab vermir, təkrar soruşuram, əsəbləşir. Görəsən, deyilənlər doğrumu çıxdı, görəsən, uşağımızın dünyaya gəlməsi ilə səndə olan həyanın hamısı yoxamı çıxdı? Mənə deyirdilər ki, qadınların həyası evləndikdən, nə bilim, uşaq dünyaya gəldikdən sonar yavaş-yavaş yoxa çıxır. Beləmi oldu?

Onda sən sözümü yerə salmayan, incə, kövrək bir xanım idin. Daha ondan bir əsər görmürəm. Hər bir istəyimə xüsusi diqqət göstərən, nəyi isə qadağan edəndə “sən deyirsənsə, düzdür, elə də olmalıdır.” ― deyən o səmimi insan hardadır indi? Səbirli, təmkinli, aza qane olan, təvazokar xanım xasiyyətcə dəyişmiş, tamam başqa adam olmuşdur. İndi mən səni tanımıram, tanıya bilmirəm. İndi isə mənə deyirsən: “Öz istək və arzularını mənə yeritmə”. “Məni əsəbləşdirən sən oldun”. “Belə lazımdır, şəxsi işimdir” və s.

Sən nə qədər insafsız çıxdın, xanımım! Görmürsən, digərləri ilə ərləri necə davranır, necə danışan kimi ağzından vurub yerində oturdur? Deməli, siz məhəbbətdən, yoldaşınızın sizə verdiyi azadlıqdan, hörmətdən sui-istifadə edirsiniz!

Ah… onda necə həyalı siman və necə incə səsin vardı... İndi qışqırığını qonşular eşidir, biabır oluram. Hanı mənim sevgilim? Hardadır, mənim nazlı quzum? Onun yerinə gəlmiş bu kobud heykəl kimdir belə? Nə Allahdan qorxan, nə bəndələrindən həya edən, nəfsi əlində oyuncağa çevrilmiş bu adam kimdir mənim qarşımda? Mən bu gördüyümü sevməmişdim, Allah şahiddir! Yoxsa, ərə gələnə kimi idi hər şey? Yoxsa sevgi təkcə şəhvət və ehtirasdan ibarət imiş?

Onda öz geyiminə nə qədər həssas idin! Deyirdim ki, quzum, sən təkcə mənə aidsən. Bayıra bəzənib, boyalanıb çıxmaq, ayrı kişilərə xoş gəlmək ərini təhqir etmək, onun qeyrətini tapdamaqdır, həm də günahdır. Allah səni təkcə mənim üçün yaradıb, sənin bədən üzvlərin yalnız mənim yanımda açığa çıxa bilər. Sən öz evimizdə istədiyin kimi geyinməkdə, bəzənməkdə ixtiyar sahibisən. Tez razılaşar, dediyimə itaət edərdin. İndi belədirmi?! İndi zamanın tələbi, “nə deyərlər”, “kənd paltarı”, “dilənçi paltarı” kimi ifadələrlə sadə libasları topa tutursan ki, təki öz nəfsin bəyəndiyini mənə qəbul etdirəsən. Dişim bağırsaqlarımı kəsir. Qeyrətdən doğranıram. Nə edim? Görüm, əsrin tələbini lənətə gəlsin! Görüm, baiskarların evi yıxılsın! Gör, sən hansı adlarla mənə kələk gəlirsən!

Ah… onda digərlərinin yanında mənimlə astadan danışırdın. İndi nəinki evdə, heç küçədə də camaatı vecinə almırsan. Ölmüşəm sənə xatırlatmaqdan. Yoxsa, “mən də varam” demək istəyirsən, hiss olunmaq, yadda qalmaq arzusundasan? Halbuki sən yalnız ərinin yadında qalmalısan. Ərin səni düşünməlidir, səndən ötrü darıxmalıdır. Mən səndən ötrü darıxırammı? Niyə sən yadıma düşəndə darıxmaq əvəzinə sızlayıram? Problemin səbəbkarı kimdir? Əlbəttə ki, mən, əlbəttə ki, mən! Bu sənin həmişəki cavabındır. Sən heç zaman öz gözündə tiri görmədin...

Eh… Yaxşı, deyək ki, ideal qadınlardan ola bilmirsən, bacarmırsan, heç olmasa azərbaycanlı olaraq öz analarımızı fikirləş, öz analarımızı! Onlar ərlərinə necə sədaqətli olublar! Onlar ailənin namusunu necə möhkəm qoruyublar! Onlar övladlarına nə gözəl ana olublar! İndi zəmanə dəyişib, hə? Daha milli-mənəvi dəyərlərə “bay”?


Teqlər:





Xəbər lenti