SOCAR-da özəlləşdirmə qaçılmazdır – TƏHLİL

   SOCAR-da özəlləşdirmə qaçılmazdır –    TƏHLİL
  26 Yanvar 2021    Oxunub:13111
Prezident İlham Əliyev keçən il avqustun 6-da keçirdiyi müşavirədə qeyd etmişdi ki, dövlət şirkətlərində kifayət qədər böyük itkilər var. Dövlət başçımız əlavə etmişdi ki, özəl sektorda itki olanda müflisləşir, biznes bağlanır və heç kim köməyə gəlmir: "Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, itkiləri dövlət tərəfindən bağlanacaq".
Prezident misal da gətirmişdi ki, qazlaşdırma Dövlət Neft Şirkətinin vəzifəsi olduğu halda, dövlət büdcəsinin hesabına aparılır. "Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur? Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir",- deyə dövlət başçısı qeyd etmişdi.

Bütün digər dövlət şirkətlərində də vəziyyət dövlət başçımız demişkən, ya buna oxşar, ya bundan pis, ya da nisbətən yaxşıdır. Çünki dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləmir və yaxud işləyə bilmirlər, odur ki, sözügedən problemlər qaçılmazdır. Prezident bildirdi ki, bundan sonra belə vəziyyətə dözmək olmaz. Ona görə də, səhəri gün Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması haqda fərman imzalandı. Buna həqiqətən çox böyük ehtiyac var idi.

Söhbət hər biri çox böyük sahəyə - iqtisadi sektora rəhbərlik edən iri dövlət şirkətlərindən, onların vahid mərkəzdən idarə edilməsinə nail olmaqdan və ümumiyyətlə, səmərəliliyi artırmaqdan, idarəetməni yüksək səviyyədə təşkil etməkdən getdiyindən, AİH-nin yaradılması həyata keçirilməli olan tədbirlərin birinci mərhələsi sayılır. Holdinqin səmərəli işləməsi, dövlət şirkətlərinin və dövlətin payı olan ASC-lərin fəaliyyətinin səmərəliliyinin təmin olunması üçün çox dəqiq və konkret, şəffaf mexanizm olmalıdır. Yəni faktiki hər şey mexanizmin nə qədər təkmil olmasından asılıdır.

Bütün bu qeyd etdiklərim baxımından, Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu günlərdə Prezident fərmanı ilə SOCAR-ın Müşahidə Şurasının yaradılması vacib addımdır. Ümumiyyətlə, Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair hər hansı addım atılması alqışlanmalıdır. Çünki adı çəkilən qurum çox böyük əhəmiyyət daşıyır. Hər şey bu qurumun üzərində köklənir və faktiki ondan asılı sayılır. SOCAR dövlətimizin iqtisadi və maliyyə dayağı hesab olunur. Odur ki, belə mühüm şirkətdə Müşahidə Şurası əslində, çoxdan yaradılmalı idi.

Bəli, SOCAR yarandığı dövrdən böyük inkişaf yolu keçərək ölkənin sosial-iqtisadi tərəqqisində mühüm rol oynayıb. Hər şey qarşılıqlı şəkildə baş verib. Belə ki, Neft Şirkətimiz həm xarici ölkələrlə inteqrasiya, həm də daxilə investisiya cəlbində mühüm rol oynamaqla yanaşı, özü də inkişaf edib, bir şirkət olaraq böyük təcrübə qazanaraq, genişlənib və beləliklə, neft-qaz hasilatı, nəqli və emalı ilə məşğul olan müəssisədən transmilli şirkətə çevrilib. Yəni, SOCAR keçən əsrin 90-cı illərindəki şirkət deyil və hazırda müqayisədə nəhəng, dünyada tanınmış bir qurumdur.

Ancaq dünya iqtisadiyyatı yerində durmayıb, inkişaf şərtləri, beynəlxalq məkanda rəqabət və ümumiyyətlə, bütün tələblər dəyişib, kəskinləşib. Üstəlik, SOCAR-ın cavabdehliyi artıb, bu qurum əvvəl ölkəmizin iqtisadiyyatı üçün əgər təkanverici qüvvə idisə, son 10-15 ildə məsuliyyətdaşıyıcı bir şirkət olub. Odur ki, sözügedən şirkət çox yüklüdür. Öhdəlikləri mövcud imkanları ilə getdikcə daha çox uzlaşmamaqdadır. Ona görə də, sözügedən qurumun yükü azaldılmalı, idarəetmə asanlaşmalı və borclanma, o cümlədən, maliyyə hesabatlılığı üzrə məsələlərə ciddi nəzarət tədbiq olunmalıdır. Bütün bunlar hələ bir müddət öncənin tələbidir.

Bu mənada məsələn, Müşahidə Şurasının yaradılmasına dair Prezident fərmanı ilə AİH-yə beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrini yoxlamaq tapşırığı mühüm əhəmiyyət kəsb edir.

Lakin yuxarıda qeyd etdiklərimin hamısına, yəni idarəetməni asanlaşdırmağa və borclanma, o cümlədən, maliyyə hesabatlılığı üzrə nəzarət kimi məsələlərə, sırf dövlətin əliylə və yaxud da deyək ki, müdaxiləsi yolu ilə nail olmaq mümkün deyil. Odur ki, gələcəkdə özəlləşdirmə də qaçılmazdır.

Dəfələrlə qeyd etmişəm ki, ümumiyyətlə, bu kimi məsələlərdə əsas çıxış yollarından biri özəlləşdirmədir. Dövlətin payı yüksək olan, eyni zamanda, 100 faiz dövlətə məxsus qurumların bir çoxu özəlləşdirilməlidir. Bu, həmin şirkətlərə investisiyaların cəlb olunmasına, eyni zamanda, onların idarəçiliyində olan əyintiləri, səmərəsizliyi aradan qaldırmağa maksimal təsir edəcək ən ümdə vasitədir. Dövlət Neft Şirkətinin də bəzi hissələrinin özəlləşdirilməsinə gedilməlidir. Bu məsələdə bəlkə də gecikirik.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: SOCAR   İslahat  





Xəbər lenti