Yeni idarəetmə modeli: İlk dəfə Şuşada tətbiq edilir

  Yeni idarəetmə modeli:  İlk dəfə Şuşada tətbiq edilir
  28 Yanvar 2021    Oxunub:3821
“İşğaldan azad olunmuş ərazilərimizdə yeni mülki idarəetmənin tətbiqi olduqca əlamətdar hadisədir”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, bu vaxta qədər ayrı-ayrı güc strukturlarının nümayəndələri azad olunmuş ərazilərimizdə fəaliyyətə başlasalar da, mülki idarəetmənin forması və funksiyası müəyyən edilməmişdi:

İlham Əliyev Şuşanın "İƏT-in gənclər paytaxtı” seçilməsi ilə bağlı sərəncam verib
“Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ əvvəlki çıxışlarında bu mövzu ilə bağlı danışarkən bildirmişdi ki, işğaldan azad edilmiş bölgələrdə elə idarəetmə forması tətbiq ediləcək ki, o gələcəkdə digər ərazilərimiz üçün də model təşkil etsin. Ona görə də, Şuşaya Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi əslində həm də ölkəmizdə yeni idarəetmə institutunun yaradılması kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev tətbiq edilən yeni formanı Prezidentin xüsusi nümayəndəsi institutu adlandırdı. Yeni yaradılan idarəetmə institutu şaquli və birbaşa tabeçiliyə əsaslanır və olduqca çevik və səmərəli idarəetmə forması hesab edilə bilər. Çünki yeni forma dövlət bürokratiyasından kənar birbaşa tabeçilik əsasında həyata keçiriləcək. Bu isə vəzifə və tapşırıqların daha sürətlə və çevik şəkildə yerinə yetirilməsini təmin edəcək”.



Hazırda Azərbaycanın Böyük Qayıdış planının olduğunu xatırladan deputat deyib ki, bu plan artıq icra edilməkdədir. 2021-ci ilin büdcəsində qayıdışın infrastrukturunun və ilkin məskunlaşma şərtlərinin təmin edilməsi üçün 2.2 milyard maliyyə vəsaiti ayrılıb:

“Sürətli və səmərəli qayıdışın təmin edilməsi paralel olaraq sürətli, çevik və şəffaf idarəetmə tələb edir. Yeni idarəetmə forması həm də öz funksionallığı ilə bu vəzifənin öhdəsindən gələcək. Şuşaya xüsusi nümayəndəsini təyin edən Azərbaycan Prezidenti onun qarşısında mühüm vəzifələr qoydu. Bu, hər şeydən öncə Şuşa şəhərinin tarixi görkəminin, tarixi mədəni və dini abidələrimizin bərpa olunması, ənənəvi festivallarımızın və poeziya günlərimizin keçirilməsi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş şəhərimizin bütün infrastrukturunun modern əsaslarda yenidən qurulması və s. kimi mühüm işlərlə bağlı idi. Ona görə də, bəri başdan söyləmək mümkündür ki, Şuşada tətbiq edilən yeni idarəetmə forması və orada görüləcək işlər işğaldan azad edilmiş digər rayon və şəhərlərimizə də tətbiq edilməklə nümunəvi model rolunu oynayacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   İdarəetmə   Prezident   Təyinat   Deputat  





Xəbər lenti