“Hər gün fikirləşirdim ki, görəsən Şuşaya nə vaxt qayıdacağıq”

“Hər gün fikirləşirdim ki, görəsən Şuşaya nə vaxt qayıdacağıq”
  29 Yanvar 2021    Oxunub:1940
Xalq diplomatiyası ilə 2007-ci ildə Şuşada olduq. O zaman ermənilərin müşayiəti ilə Şuşanı gəzdik. Onların vandal hərəkətlərini gördükcə çox pis olurdum. Amma bu gün Şuşa bizimdir. 28 illik həsrətimiz sona çatdı. Müzəffər Ordumuzun, igid şəhidlərimizin, qəhrəman qazilərimizin, Ali Baş Komandanımızın səyi ilə Şuşa şəhəri azad oldundu. İndi biz Şuşada yaşayıb, yaradacağıq, şəhərimizi əvvəlkindən də gözəl edəcəyik.
Bu sözləri Azvision.az -a 1992-ci ilin mayında 42 yaşında olarkən Şuşa şəhərini məcburi şəkildə tərk edən İlham Fətəliyev deyib.

Şuşada İƏT-in Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun iclası keçirilib │FOTOLAR
O bildirib ki, Şuşaya qayıdacaqları günü səbrsizliklə gözləyirlər: “Biz dədə-baba şuşalıyıq. Şuşada 17 məhəllə var. Bizim evimiz Mamayı məhəlləsində, 9 mərtəbəli mehmanxanadan 100 metr yuxarıda, Mamayı məscidi ilə üzbəüz idi. Uşaqlığım, gəncliyim Şuşada keçib, orada orta məktəbi oxumuşam, Bakıda ali təhsil alıb, yenidən Şuşaya qayıdıb işləmişəm, ailə həyatı qurmuşam. Şuşa füsunkar şəhər idi. Ora 1977-ci ildə Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyev tərəfindən qoruq elan edilmişdi. Ulu öndərin dili ilə desək, “Şuşa başdan-başa tarixi memarlıq abidəsidir”. O dövrdən sonra Şuşada tarixi memarlıq abidələrinin bərpa olunması vüsət aldı. O zaman yaradılan Şuşa Elmi Bərpa İstehsalat İdarəsinin rəisi vəzifəsinə təyin olundum. Tarixi memarlıq abidələrinin bərpası işi məşğul olmuşam və o işlərə rəhbərlik etmişəm”.

İ.Fətəliyev bildirib ki, ermənilər Şuşanın tarixi abidələrini dağıdıb, Azərbaycanın izini itirməyə çalışıblar:

“Şuşanı belə görmək, evlərin, qəbiristanlığın dağıdılmasını izləmək ürəkağırdıcıdır. Bizim evimizi də ermənilər yerlə-yeksan etmişdilər. Mən 2007-ci ildə Şuşada olanda bunları gördüm. Şuşanın azad olunması bizi hədsiz sevindirdi, o günlərimizi beynimizdə canlandırdı. Lakin Şuşanı elə vəziyyətdə görmək məni kədərləndirdi. Erməni vandalları Şuşanı dağıdıblar, əsas da tarixi memarlıq abidələrinə ciddi ziyan vurulub. Onların məqsədi Şuşada azərbaycanlıların izlərini tamamilə itirmək idi. Buna müvəffəq ola bilmədilər. Ordumuzun əsgərləri Şuşanı hələ dünyada müşahidə olunmayan igidliklə ala bildilər. Şuşa strateji və mənəvi əhəmiyyətə malik şəhərdir. Şuşa Azərbaycan xalqı üçün Ali Baş Komandanın dediyi kimi müqəddəs şəhərdir. Təsadüfi deyil ki, Prezident Şuşa şəhərini Azərbaycanın mədəni paytaxtı elan etdi. Şuşa Azərbaycana məxsusdur. Oranın torpağı da, suyu da Azərbaycanındır. Şuşada azərbaycanlıların qoxusu var, yad ermənilərinin deyil. Qismətimiz oldu, biz də o günləri gördük. Qələbəni böyük sevinclə qarşıladıq, minnətdarlıqla şəhidlərimizi, qazilərimizi yad etdik.

Şuşa özünün təbii gözəlliyinə, coğrafi məkanına, təbiətinə görə digər şəhərlərdən seçilirdi. Şuşanı İsveçrənin Davos kurortu ilə müqayisə edirdilər və parametrlərinə görə Şuşa ondan öndə idi”.

İ.Fətəliyevin sözlərinə görə, ermənilərin Şuşa ilə bağlı səsləndirdiyi fikirlər cəfəngiyyatdır:

“Orada çox az sayda erməni yaşayırdı. Şuşada o zaman 20 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər şəhəri işğal edərək oradakı evləri, abidələri darmadağın ediblər. Şuşa sakinləri 28 il yarım köçkünlük həyatı yaşayıblar. Hər gün Şuşa ilə nəfəs alıblar ki, nə zaman evimizə qayıdacağıq.

İndi o günü səbrsizliklə gözləyirik. Şuşaya qayıdacağımız günün tez gəlməsini istəyirik. Qayıdış başlanılsa, ilk gedənlərdən olacağıq”.

Şuşalı günləri xatırlayan İ.Fətəliyev qeyd edib ki, orada həyat yüksək səviyyədə idi: “İnsanlar öz işlərində idi. Xoşbəxt həyat yaşayırdıq. Yerli camaat idarələrdə işləyirdi. Şuşaya yenidən gözəl həyat qayıdacaq. Prezident İlham Əliyev Şuşa üzrə xüsusi nümayəndəsini qəbul edəndə çıxışını diqqətlə izləyirdim. Orada deyildi ki, Şuşaya qayıdan şəxslər işlə təmin olunmalı, yaşamalıdılar. Mədəniyyət paytaxtında ona uyğun sakinlərin yaşam tərzi olmalıdır. Prezident bunu tapşırıb və biz də inanırıq ki, qayıdanda şəhərin müəyyən quruculuq işlərində iştirak edəcəyik, Şuşamızı bundan sonra da yaşadacağıq”.



Aytən Zəhra
Azvision.az


Teqlər: Şuşa  






Xəbər lenti