“...Cənnətə birinci ateistlər gedəcək” - MÜSAHİBƏ

  18 Fevral 2014    Oxunub : 2567
“...Cənnətə birinci ateistlər gedəcək” - MÜSAHİBƏ
`İlahi eşq ruhun sərxoşluğudur `
Müsahibimiz Türkiyədə, eləcə də Azərbaycanda tanınan, oxunan, sevilən mütəsəvvif-yazar Camalnur Sarqutdur.

- Bakıda ən çox nəyi bəyəndiniz?

- Vallah, heç gözlədiyim kimi çıxmadı. Yəni, memarlıq, zahiri görünüş baxımından Təbrizə bənzər bir şəhər gözləyirdim. Bakının gözəlliyini, müasirliyini, insanların sevgi dolu olmalarını çox sevdim, tam bizdənsiniz (gülür) . Xüsusilə diqqətimi çəkən məqam, Azərbaycan insanının dilinə, dininə, inancına sahib çıxmasıdır. Bu, məni çox təsirləndirdi. Bəlkə də sizin çox acı çəkməyinizlə bağlıdır. Acı çəkmiş insanın o dünyaya baxışı çox fərqli olur. Sizdəki dəyərlərin məhv olmaması üçün dua etdim. Təəssüf edirəm ki, Türkiyədə dəyərlərimiz məhv olmaqdadır.

- Dəyərlərin qorunmamasının başlıca səbəbi mühitdir, yoxsa az öncə dediyiniz kimi insanların acısız, problemsiz həyatı?

- Bəli, biz indi bir ölkə olaraq maddi rifah içində yaşayırıq. İnsanlar acı çəkmədikdə, problem görmədikdə nəfs, eqozim, “mən” azır. İnsan “mənim dediyim olacaq” iddiasına düşür. Halbuki, bir az sıxıntı və acı çəkən insan həyatın qiymətini çox yaxşı bilir, dəyərlərinə sahib çıxır. Mən Bakıda olarkən bir televiziya verilişinə çıxmışdım. Orada bir azərbaycanlı müğənni türkcə bir mahnı oxudu, “bizim dilimiz budur” deyə. Bütün basqılara rəğmən, türkcəyə necə sahib çıxdıqlarını görüb hönkür-hönkür ağladım.

Türkiyədə insanların türkcəsi pozulmuş vəziyyətdədir. Bir çox qəzet 700 kəlmə ilə türkcə yazır. Dilimizin pozulmasında dolayısı yolla internetin də payı var. Uşaqlar dilini, dinini qorumağa, birlik olmağa ehtiyac duymadılar. Birlik pozulunca, din, əxlaq, ədəb pozulur. Fərqliliklərin bir-birini qəbul etməsinə çox ehtiyacımız var.

Həzrəti Mövlanənin fərqliliklə bağlı çox gözəl bir hekayəsi var. Adamın biri fırtınadan qaçıb bir mağaraya girir, “ohh, nə rahat, çox şükür, qurtuldum” deyir. Ayağının altındakının isti daş zənn edib səhərə qədər yatar. Səhər hava işıqlanınca, görür ki, yanında söykəndiyi aslan, ayağının altındakı isə ilandır.
Yəni, bir-birinə düşmən olan şeylər sıxıntı və fəlakət anında dost olmuşlar. Bu baxımdam fərqliliklər bir-birinə sıxıntı anında sarılır. Amma sıxıntı keçincə, o dəqiqə bir-birimizi günahlandırmağa və xəta görməyə başlayırıq təəssüf ki.

- Az öncə Təbrizi xatırladınız. Yəqin məlumatınız var, Təbrizin qədim Azərbaycan torpağı olmasından, hazırda İranda 35 milyona yaxın Azərbaycan türkü yaşadığından və onların hüquqlarının daim pozulmasından...

- Əlbəttə, bu haqda az-çox bilgim var. Təbriz insanı da çox istiqanlıdır. Amma Azərbaycanda yaşayan türklər mənə daha doğma gəlir, sözlərində duran, səmimi, daha imanlı, müsəlmanca yaşayan xalq təsiri bağışladı. İranda yaşayan azərbaycanlıların çox basqı altında olmalarının, hüquqlarının qorumamasının canlı şahidi olmuşam hətta. Yadımdadır, orada bir simpozium keçirirdik. İllah “farsca olacaq” deyə israr etdilər. Halbuki hər kəs türkcə bilirdi. Türkcə səslənməsin deyə bizi demək olar ki, heç danışdırmadılar. Bu da gənclərin böyük etirazına səbəb olmuşdu.

- Siz ölkənizdəki insanların çox rahat, rifah içində yaşadığını vurğuladınız. Lakin Türkiyənin hansı şəhərində oldumsa, insanların bitib-tükənməyən şikayətlərilə, etiraz mitinqləri qarşılaşdım. İstər siyasi, iqtisadi, istərsə də sosial, mədəni vəziyyətində saysız problemlərin olduğunu eşitdim. Rahatlıq, rifah durumu varsa, etirazlara nə hacət?

- Etirazlar elə əsl rahatlıqda olur, qızım. Sıxıntı və bəlada bunlar olmaz. Heç bir dərdi olmayan adətən çox şikayət edər. Bizim 10 il öncəki televiziya verilişlərdə xəstəxanada ölən 90 faiz insanları göstərirdilər. İndi isə hər kəs havayı müalicə olunur.



- Havayı müalicə əsasən tibbi sığortası olanlara şamil edilir...

- Sığortasız olanları da nəzərdə tuturam. Məsələn, anamın heç bir sığortası yox idi. Təcili yardımla xəstəxanaya çatdırıldı, pulsuz müayinə olundu, orada da vəfat etdi. 10 gün ərzində heç bir ödəmə etmədən çıxdıq. Amerikada mənim halım pisləşmişdi. Az qala ölürdüm, amma xəstəxanaya qəbul etmədilər. Turkiyədə amerikalı bir dostumun səhhətində problem yaranmışdı. Özəl xəstəxanaya apardıq, saniyə ərzində qəbul edildi, bütün müalicəsi aparıldı, dərmanlarını verildi və 5 quruş almadan yolladılar evinə. Yəni, səhiyyə sektorunda inanılmaz bir düzəlmə var. Milli təhsilin içində olduğumdan təhsil sahəsində də xeyli irəliləyişin olduğunu deyə bilərəm. Bunu hər sektorda müşahidə etmək mümkün. Hər şey mükəmməldirmi? Xeyr. Heç bir yeydə mükəmməllik olmaz. Amma uşaqlar sıxıntısız böyüyürlər. Mənim zamanımdan fəqrli olaraq 80-90 nəfər yox, 18-20 nəfər bir yerdə təhsil alır. Mən özüm 80 nəfərə müəllimlik etmişəm. Yəni, inanılmaz bir dəyişiklik var Türkiyədə. Fəqət, gənclər keçmişi bilmədikləri üçün hər şeydən şikayət halındadırlar. Digər tərəfdən onları da anlamağa çalışıram. Şikayət ediləcək şeylər əlbəttə ki, vardır. Lakin Allah bizə hər bir halda şikayət etməməyi, çünki sonucda edənin, etdirənin Allah olduğunu öyrədir. Xatırlayıram, atam 1960-cı il qiyamından dolayı həbs olunmuşdu. Hətta edam qərarı çıxdığında belə hökümətdən şikayət etmədik. Olması gərəkirdi, oldu.

- Türkiyədə son dönəmin aktual və etirazlara səbəb olan məsələsi qız-oğlan tələbələrin eyni evlərdə qalmalarına idi. Bu məsələni dinin siyasətə qarışması kimi dəyərləndirənlər də oldu. Sizin buna münasibətinizi bilmək istərdim.

- Mən də qız və oğlan tələbələrin eyni evdə yaşamalarının doğru olmadığını düşünürəm. Amma onların eyni təhsil ocaqlarında oxumalarının vacibliyinə inanıram. Düzdür, dövlətimizin bir az fanatizmə gedən idarəçilik sistemi var və bu, aydın şəkildə görünür. Amma bunun da səbəbi bizim çox dinsiz bir keçmişdən, dinsizlikdən gəlməyimizdir. Bir zamanlar tamamən dinsizdik. Namaz qılanlar təqib edilir, təriqət əhli heç bir şəkildə zikr edə bilmirdilər. Televiziyada “təriqət”, “şeyx” kəlməsini ilk deyən mən olmuşam. Çox şükür ki, bu sözlər indi çox rahatlıqla deyilir.

Bir başqa misal, mənim müəllim yoldaşlarım başörtülü qızların hamısına “sıfır”, “sıfır”, “sıfır” verib sinifdə saxlayırdılar. Yəni, o dərəcədə dinsizlik hakim idi. O zaman dedim ki, bir gün bu qızların uşaqları bizdən çox pis intiqam alacaqlar. Bugünkü sıxıntıların səbəbi o dövrdə etdiyimiz səhvlərin nəticəsidir.

Dinsizlik olduğu zaman bunun qarşısında fanatizm çıxar. Bir şey həddən ziyadə olursa, qarşısındakı şeyin də aşırı dərəcəliyi artar. Bir şeyi qadağan etdiyiniz zaman ona maraq çoxalar. Qadağaları ləğv etmək, insanları öz fikirlərində azad buraxmaq lazımdır.

- Siz bir müsahibənizdə ustadınız, dövrünün həm ziyalısı, həm də din xadimi Kənan Rifaidən sitat gətirmişdiniz. Kənan Rifai, Atatürkün Təhsil naziri vəzifəsi təklifini “Din və siyasət bir arada olmaz” səbəbilə rədd etmişdi. Bu günkü Türkiyənin siyasi mənzərəsində dinin siyasətə qarışmasını necə dəyərləndirirsiniz?

- Bəli, Türkiyədə din və siyasət bir az qarışıb bir-birinə. Amma biz, keçmişdə Allaha layiq ola bilmədik. Allah layiqliyi sevər. Mənə də millət vəkilliyi təklifi gəlmişdi. Amerikada olduğum zaman baş nazir özü zəng eləyib bu təklifdə bulunmuşdu. Amma hocamın söylədiyi sözləri eynilə mən də dedim - “Mən din adamıyam, batıraram siyasəti” (gülür). Biz siyasətdən anlamarıq, qızım. Həqiqi din adamı siyasətdən anlamaz. Hətta siyasəti bilsə belə, qarışmaz. Çünki, hər şeyin Allahdan gəldiyinə inandığı üçün çox əsəbləşməz, hisrlənməz, hər şeyin Uca Yaradandan oldugunu idrak edər. Siyasətə isə daha mücadiləci insanlar lazımdır. Bu baxımdan din və dövlət işlərinin bir-birinə çox yaxınlaşmasının tərəfdarı deyiləm.

- Camalnur xanım, inanılmaz dərəcədə pozitivlik, xoşbəxtlik, həyatdan məmnunluq saçırsınız. Mutlu ruh halını qorumağınızın tək sirri Allah eşqidirmi?

- Bunu mənə tez-tez deyirlər. Bəzi təsəvvüfçülər hüznlə, acı, kədərlə Allahı anırlar. Mənsə çox xoşbəxtəm. Bunu Allahın bir lütfü olaraq qəbul edirəm. Gerçəkdən də imanın çox böyük təsiri var. Məsələn, çox kədərlənəcəyim bir hadisə olur, iki dəqiqə sarsılıram, sonra “Allahım məndən yaxşı bilir” deyib həməncə təslim oluram.

Bu, mənə ailəmdən gələn bir xüsusiyyətdir. Mənim anam da, bacım da çox imanlı insanlardır. Çox şükür, bir şeyi böyütməməyi öyrəndik. Məsələn, atamın edam qərarı çıxdığında anam namazda idi. “Çox şükür, Həzrəti Yusifə yoldaşlıq edirik” deyərək səcdəyə getdi. Sonra da bunun Allahın bizə verdiyi imtahan olduğunu anlatdı. Yəni, bu dərəcədə pozitiv baxırıq hadisələrə.

Mən də bunları, yaşadığım şeyləri anlatmağa çalışıram. Keçən gün bir nəfər məni görüb deyir “həqiqətən də gülərüzlüsünüz, sadəcə televiziyada belə deyilsiniz”. Yəni, mən həqiqətən də şən, çox mutlu bir insanam. Xəstəlik gəlsə, “yaşasın!” deyə oynayarıq. Niyə? Çünki, məhərrəmlik ayında gələn xəstəlik əhli-beytə yoldaşlıq etmək deməkdir. Bir neçə gün əvvəl oğlum Kərim nəyəsə çox kədərlənmişdi. Dedim ki, məhərrəmlikdə üzülməsən, yezid olarsan, yat-qalx, halına şükr et. Ona görə də hər olub-bitənlərə görə “Allaha çox şükür” deyirik.



- “İlahi eşq” kəlməsini çox eşidirik. Təbii ki, bu duyğunun verdiyi halı ancaq yaşayanlar bilər. Bəs yaşamayan, mədhini çox eşidib yaşamaq istəyənlər üçün İlahi Eşqin bir tərifi varmı?

- Böyük islam alimi Əhməd Qazali bunu çox gözəl anlatmış. Demiş ki, hər şey Allahı görərək başlar. Sən deyə bilərsən ki, Allah görülməz. Amma mənim dediyim “görmək” gözlə görülmə deyil. Öz acısını, heçliyini, gücsüzlüyünü və heç bir şey dəyişdirə bilməyəcəyini bildiyin zaman, Allahın böyüklüyünü, hər şeyi dəyişdirə bilən qüdrəti, qüvvəsi olduğunu görüncə, öz əksilkiyini, onun böyüklüyünü idrak etməyə “görmək” deyilir. O zaman qəlbinizə o qədər böyük bir Allah eşqi, sevgi dolur ki başını fırlanmağa başlayır sanki. “Hər şeyin sahibi Odur, mən yoxam. Ondan necə ondan ayrı ola bilərəm?” deyirsən.

Bu, ilahi eşqin başlanğıcıdır. Sonra bu hiss yavaş-yavaş bu artır, hadisələrdə Allahın böyük gücünü, hər an sizə uzanmaq üçün “çırpınışlarını", sonsuz “fədakarlıqlarını” və sizə ediləcək bir şey qalmadığını görürsünüz. Bunlar eşq hissini artırırır və bir növ ruhi sərxoşluq yaranır. Acı və sıxıntı gəldiyi zaman “oh nə rahat yataqdayam” deyə bilmək elə sərxoşluq halıdır. Bunu mən çox gördüm ətrafımda.

- Bəs, ateistlərə necə Allah sevgisini daddırmaq olar? Varlığına inanmadığı bir qüvvəyə özünü necə həvalə edəcək?

- Ateistlər də Allahın varlığına inanırlar. Bircə dəfə “Allah yoxdur” dedimi, deməli inanır (gülərək). Allahı anmaq, varlığını qəbul etmək deməkdir. Onlar sadəcə öz nəfslərini, özlərini başqa bir gücü qəbul edəcək səviyyədə görmürlər, “mən üstünəm” deyirlər. Problem bundadır.

Belə bir inanc da var ki, cənnətə birinci ateistlər gedəcək. Bir “Allah” deyər, cənnət qapısından keçər. Əsl fəlakət isə münafiqlikdədir. Münafiqlər - haqqa başqa, xalqa başqa görünənlərdir. İbadətini, duasını, zikrini görüntü xatirinə edər, amma qəlbində Allah eşqi olmaz. Bir tərəfdən ibadət edir, digər tərəfdən pisliyindən qalmır, ölkəsini məhvə sürükləyir, xalqını əzir... Cəhənnəmin dibi belələrilə doludur. Allah əzəldən bizə inanc lütf etmiş. Bu qədər lütflə, dəyərlərlə başqalarına pislik etmək, cəhənnəmdə yerini hazırlamaq deməkdir.


Sevda Babayeva / İstanbul
Xüsusi olaraq AzVision.az üçün

Teqlər: