Qarabağda yaradılacaq “ağıllı şəhər” və “ağıllı kənd” nədir?

Qarabağda yaradılacaq “ağıllı şəhər” və “ağıllı kənd” nədir?
  29 Yanvar 2021    Oxunub:19607
Prezident İlham Əliyev yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi qəbul edərkən, azad edilmiş ərazilərdə “smart-city”, “smart-village”, yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının tətbiq olunmasını tapşırıb.
Dövlət başçısı bildirib ki, azad edilmiş ərazilərdə şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır: “Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik”.

Bəs “smart-city”, “smart-village”, yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası nədir?

Nəqliyyat, Rabitə və Yüksək Texnolofiyalar Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, “Smart City”, yəni “Ağıllı Şəhər” elə bir ərazidir ki, orada məlumat toplamaq üçün müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə edilir. Toplanılmış məlumatlardan əldə edilən anlayışlar aktivlərin və resursların səmərəli istifadəsinə yönəldilir.



“Smart City” konsepsiyasında Əşyaların interneti, Süni intellekt, Blokçeyn və s. texnologiyalar tətbiq olunur. Bu texnologiyalar əsasında müəyyən komponentlər formalaşdırılır. Nümunə olaraq, elektrik enerjisi və su sərfiyyatının elektronlaşdırılması, müəyyən edilmiş yerlərdə toplanmasını göstərmək olar. Nəticədə əhali müəyyən proqram təminatından istifadə edərək həm öz kommunal tarixçəsini görür, həm də ödənişlərini edə bilir.



Bundan əlavə, aidiyyəti dövlət qurumları da bütün məlumat bazasında yığılan informasiya əsasında optimallaşdırma işləri aparmaq imkanı qazanır.

Bütün bu elektronlaşdırma tətbiqi tibb və nəqliyyat sahəsi üçün də keçərlidir. O cümlədən, ətraf mühitin qorunmasında havanın yoxlanılması üçün naqilsiz sensor şəbəkələri vasitəsilə şəhər ərazisində çirklənməni elektron xəritə üzərindən müşahidə mümkündür.

“Ağıllı şəhər”in digər şəhərlərdən fərqi bütün infrastrukturun elektronlaşdırılması və böyük məlumat bazasının yaradılmasıdır. Bu məlumat toplusu əsasında bütün şəhər üzrə xərclərin və əhalinin yaşayış keyfiyyəti üzrə səmərəlilik artırılır.

Xatırladaq ki, Sinqapur, BƏƏ (Dubay), ABŞ (Boston), Hollandiya (Amsterdam), İngiltərə (London), Norveç (Oslo), Danimarkada (Kopenhagen) “Smart City” layihəsi həyata keçirilməkdədir.



Aytən Zəhra
Azvision.az


Teqlər: Ağıllışəhər   Ağıllıkənd  





Xəbər lenti